Fındıq bağlarında yayılan zərərvericilərlə bağlı AÇIQLAMA

07.11.2018 15:41

Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosasiyası tərəfindən Kənd Təsərrüfatı Nazirliyinə Şəki-Zaqatala bölgəsinin fındıq bağlarında mərmər bağacığı adlanan zərərvericinin yayılması ilə bağlı məlumat yayılıb.

XəzərXəbər xəbər verir ki, daxil olan müraciət əsasında Dövlət Fitosanitar Xidmətinin, Şəki, Qax, Zaqatala və Balakən rayon bitki mühafizəsi mərkəzlərinin, eləcə də Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının əməkdaşları birlikdə monitorinqlər aparıblar.

Belə ki, oktyabrın 29-30-da bölgənin fındıq bağlarına fitosanitar baxış keçirilib və bağlarda unlu şeh xəstəliyinin intensivliyinin, fındıq uzunburunu, mənənə və digər zərərli orqanizmlərin populyasiya sıxlığının ötən illə müqayisədə aşağı səviyyədə olduğu müəyyən edilib.

zamanda, bölgənin fındıq bağlarında, bitki qalıqlarının altında, ətrafda olan təsərrüfat və yaşayış binalarında, hətta zərərvericinin ehtimal olunduğu Zaqatala rayonunun Muxax kəndinin mədəniyyət evində fitosanitar yoxlamalar aparılıb və mərmər bağacığı aşkar olunmayıb.

Monitorinq keçirilən ərazilərdə morfoloji cəhətdən mərmər bağacığına oxşayan taxıl bitkilərinin zərərvericisi olan ziyankar bağacığın (taxıl zəlicəsi) yetkin fərdləri aşkar olunub və identifikasiya üçün laboratoriyaya göndərilib.

Qeyd edək ki, Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının təsisçisi İsmayıl Orucov Azərbaycanın findiq bağlarında xarici karantın zərərvericisi olan mərmər bağacığının yayıldığını və hətta 3%-ə qədər ziyan vurduğunu bildirmişdi. Assosasiyanın ABŞ-in Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) ayırdığı maliyyə vəsaiti hesabına hazırlayaraq yaydığı broşurlarda da mərmər bağacığının hazırda Gürcüstandan Azərbaycanın findiqçılıq bölgələrinə keçdiyi qeyd olunub. Assosasiya tərəfindən Zaqatala rayonunun Muxax kənd mədəniyyət evində də mərmər bağacığının tapıldığı bildirilmişdi.

© xezerxeber.az


63 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR