17 sentyabr 2018-ci il
tarixində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) qeyd olunan
"Bilik günü” yüksək balla bu ali təhsil müəssisəsinə qəbul olan
tələbələr üçün ikiqat bayram kimi yadda qalıb.
Kənd Təsərrüfatı naziri İnam Kərimovun, Gəncə Şəhər İcra Hakimiyyətinin
Başçısı Niyazi Bayramovun və digər qonaqların iştirak etdiyi tədbirdə
hər fakültə üzrə ən yüksək bal toplayan tələbələrin mükafatlandırılması
ilə yanaşı ümumilikdə qəbul imtahanlarında yüksək bal toplayan 82 tələbə
ilədə görüş keçirilib.
Görüşdə kənd təsərrüfatı ixtisasları
üzrə 500-dən çox bal toplayan tələbələrin hər birinə ayda 200 manat,
400-499 bal toplayan tələbələrə 100 manat məbləğində əlavə təqaüdün
verilməsi elan edilib. Bu, ümumilikdə 44 tələbəni əhatə edib. Qeyri-kənd
təsərrüfatı ixtisasları üzrə qəbul imtahanlarında yüksək bal toplayan
tələbələr də yaddan çıxmayıb. Tələbələrlə təşkil olan görüşdə qeyd
edilib ki, müvafiq ixtisaslar üzrə 500-dən çox bal toplayan tələbələrə
ayda120 manat, 400-499 bal toplayanlara 80 manat məbləğində əlavə təqaüd
veriləcək.
Beləliklə, dövlət Başçısının aqrar sahəyə və aqrar
təhsilə diqqət və qayğısı nəticəsində universitetə yüksək balla qəbul
olan 82 tələbə hər ay əlavə təqaüdlə təmin olunacaq.
Ümumiyyətlə,
cari tədris ilində bu kimi stimullaşdırıcı tədbirlərin həyata
keçirilməsi ADAU-ya qəbul olan tələbələrin sayını da artırıb, qəbul
ballarını da. Qeyd etmək lazımdır ki, cari tədris ilində kənd
təsərrüfatı ixtisasları üzrə minimum keçid balının 150 olmasına
baxmayaraq, faktiki keçid balı əksər ixtisaslarda 200-dən çox olub. Bu
göstərici "meliorasiya və su təsərrüfatı tikintisi” ixtisasında 296
(əvvəlki tədris ilində 294) bal, "torpaqşünaslıq və aqrokimya”da 267
(254), "aqronomluq”da 247 (236), "zootexniklik”də 211 (201),
"aqromühəndislik”də 248 (238), "meşəçilik”də 212 (206), "şərabçılıq”da
213 , "ekologiya”da 257 (176), "baytarlıq”da 211 (167), "əczaçılıq”da
301 (182) bal təşkil edib.