"Xəzərdəki plastik çirklənmə ilə bağlı həyəcan təbili çalınmalıdır"

14.09.2018 12:06

"Xəzər dənizinin əsas çirklənmə mənbələri antropogen fəaliyyətlə bağlıdır".

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Faiq Mütəllimov sentyabrın 14-də keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, Xəzəri xüsusən də sahil zolağında və çimərliklərdə fəaliyyət göstərən istirahət mərkəzləri və ictimai-iaşə obyektləri, üzən vasitələr və vətəndaşların ətraf ərazilərə atdıqları zibillər çirkləndirir: "Belə hallar Xəzərin ekoloji vəziyyətinin pisləşməsinə, antisanitar vəziyyətin yaranmasına gətirib çıxarır, eyni zamanda ekoturizmin inkişafına mənfi təsir göstərir".
F.Mütəllimov əlavə edib ki, ETSN tərəfindən Xəzər dənizinin çirklənməsinin qarşısının alınması məqsədilə mütəmadi olaraq aksiyalar, reydlər və maarifləndirilmə tədbirləri keçirilir: "Xəzər dənizinin çirklənməsinin qarşısının alınmasında vətəndaşların və xüsusilə də ictimaiyyətin rolu əvəzsizdir. Bu təkcə bir qurumun işi və vəzifəsi deyil, bütün aidiyyəti qurumlar öz öhdəliklərini yerinə yetirməlidirlər. Ona görə ictimaiyyət nümayəndələri və vətəndaşlar bu məsələyə daha həssas yanaşmalıdırlar. Ətraf mühitin çirkləndirilməsi hallarının şahidi olduqda ETSN-nin 24 saat ərzində fəaliyyət göstərən 168 nömrəli "Qaynar xətt” xidmətinə məlumat verilməsi xahiş olunur".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin siyasəti, ekoloji vəziyyətin təhlili və qiymətləndirilməsi şöbəsinin müdiri Rasim Səttarzadə isə deyib ki, Xəzər dənizinin ekoloji durumunda baş verən müəyyən problemlər bütün hallarda öz mənfi təsirini göstərmiş olur.

Onun sözlərinə görə, Xəzərin sahilini və dənizin çirklənməsinin qarşısını hər bir şəxs almalıdır: "Kimsə düşünməməlidir ki, nəsə görməsə bir şey olmaz. Sahil ərazilərinin estetik görünüşünün pozulmaması üçün ciddi addımlar atılır və hər bir vətəndaş bu işdə öz köməyini əsirgəməməlidir".
Şöbə müdiri əlavə edib ki, plastik çirklənmə prosesi aktivləşib: "Bu da ekoloji mühitdə daha acınacaqlı nəticələrə gətirib çıxara bilər. Plastik tullantılar nəticəsində plastik çirklənmə ilə bağlı həyəcan təbili çalınmalıdır. Əhali diqqətli olmalıdır". (Report)

© xezerxeber.az


184 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR