Dövlət sosial xidmətləri üzrə "e-sosial" internet portalı iki ay ərzində hazır olacaq

14.09.2018 11:31

Prezidenti İlham Əliyevin "Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” 5 sentyabr 2018-ci il tarixli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "e-sosial" internet portalının yaradılması iki ay ərzində reallaşacaq.

Nazirlikdən xezerxeber.az-a verilən məlumata görə, portalın yaradılması işlərinin cari ilin noyabr ayında tam yekunlaşdırılması təmin ediləcək. Bu istiqamətdə nazirlikdə müvafiq işlər davam etdirilir.

Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində dövlət xidmətlərinin vahid platforma üzərindən elektron formada təqdim edilməsi üçün "e-sosial" internet portalı mühüm mənbə rolunu oynayacaq. Ümumilikdə nazirliyin bütün xidmətləri avtomatlaşdırılmış formada bu portalda əhatə olunacaq. Geniş funksional imkanları özündə cəmləşdirəcək portal, eyni zamanda, müvafiq xidmətlərin sistemli, bir-biri ilə əlaqələndirilmiş şəkildə təqdim olunmasına təminat verəcək.

Dövlət başçısının 9 avqust 2018-ci il tarixli Fərmanı ilə nazirliyin tabeliyində yaradılacaq DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və DOST mərkəzlərinin fəaliyyəti üçün elektron infrastrukturda "e-sosial" internet portalı əsas alətlərdən biri olacaq.

© xezerxeber.az


118 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR