Builki iyul ayı son 10-15 ilin ən fərqli iyulu oldu

13.09.2018 17:12

Azərbaycanda son 10-15 ildə yay fəsli təhlil olunsa, anomal isti hava şəraiti daha çox avqust ayında müşahidə edilib, bu il isə avqust deyil, iyul ayı bu baxımdan fərqlənib.

XəzərXəbər-in verdiyi məlumata görə, bunu özəl olaraq Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, Ümumdünya Meteorologiya Təşkilatının yaydığı məlumata əsasən, şimal yarımkürəsində 2018-ci ilin yay fəsli son onilliklərdə qeydə alınan anomal isti illərdən biri kimi tarixə düşdü:

"Hidrometeoroloji avtomat stansiyalardan daxil olan məlumatların təhlili göstərir ki, Azərbaycanda bu il iyun ayı anomal isti keçib, ay ərzində 20 gün ərzində havanın temperaturu iqlim normasını aşıb. İyun ayı ərzində havanən temperaturu 4 gün normadan aşağı olub, 6 gün isə norma daxilində olub. İyun ayının 27-30-da bu fərq 6-7,7 dərəcə təşkil edib. Həmin günlər sutkalıq rekord göstəriciləri yenilənmiş, bəzi aran rayonlarında, Naxçıvan MR-da və Abşeronda maksimal temperatur 42 dərəcəyədək yüksəlmişdir".

U.Tağıyeva qeyd edib ki, iyul ayında 31 gün ərzində temperatur iqlim norma göstəricilərdən yüksək olub. Ayın ilk günündə rekord temperatur qeydə alınıb. Həmin gün havanın maksimal temperaturu 42.7° isti təşkil etmişdir ki, bu da iqlim normasından 9.5° yüksəkdir. Avgust ayında isə havanın temperaturunun iqlim normasından yüksək olan günlərin sayı 17 gün təşkil etmiş, nəticədə 2018-ci ilin yay fəslində ən isti iyul ayı keçmişdir

"Hazırda payızın ilk ayı olan sentyabr, mülayim isti hava şəraiti ilə səciyyələnir. Havanın maksimal temperaturu 27-32 dərəcə təşkil edir. İkinci ongünlüyün ikinci yarısında isə hava bir qədər sərinləşəcək, ayın 17-dən şımal küləyinin arabir güclənəcəyi, bu günlərlə müqayisədə temperaturun tədricən 4-6 dərəcə aşağı enəcəyi gözlənilir".

© xezerxeber.az


81 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR