Payızın nəfəsi duyulur...

09.08.2018 13:28

Ölkə ərazisində avqustun 10-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 22-24°, gündüz 25-28°, Bakıda gecə 22-24°, gündüz 25-27° isti olacağı proqnozlaşdırılır.

Atmosfer təzyiqi 756 millimetr civə sütunundan 762 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada dəniz suyunun temperaturu 24-25°, cənub çimərliklərində - (Türkan, Hövsan, Sahil və Şıxda isə 25-26° isti təşkil olacaq. Güclü şimal-qərb küləyi əsəcək. Bununla əlaqədar çimərliklərdə hava şəraiti əlverişsiz olacaq.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, avqustun 10-11-də Abşeron yarımadasında güclü xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, havanın temperaturunun bir qədər aşağı enməsi müsbət amildir.

Xəbərdarlığa əsasən, Bakıda və Abşeron yarımadasında avqustun 12-dək güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclü olacaq.

Havanın temperaturunun gecə 20-25°, gündüz 28-33°, dağlarda gecə 9-14°, gündüz 18-23° isti olacağı bildirilir.

Xəbərdarlığa görə, avqustun 12-dək Azərbaycanın rayonlarında da qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir sürətlənəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır.

© xezerxeber.az


80 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR