Xəzər Xəbər

Xəzər dənizini çirkləndirənlər cəzalandırıldı

Cəmiyyət | 15:29 • 17 İyul 2018
Xəzər dənizini çirkləndirənlər cəzalandırıldı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Xəzər dənizinin sahil zolağında və çimərliklərdə məişət tullantılarının atılması, qalaqlanması, çirkab suların dənizə axıdılması hallarının qarşısının alınması məqsədilə birgə reyd keçiriblər.


ETSN-in mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, reyd zamanı Xaçmaz rayonunun Müqtədir-Nabran zonasında fəaliyyət göstərən istirahət mərkəzlərində, ictimai-iaşə obyektlərində formalaşan məişət tullantılarının və çirkab suların qanunvericiliyə uyğun qaydada idarə olunmadığı müəyyən edilib.


İstirahət mərkəzlərinin bəzilərində əmələ gələn məişət tullantılarının ərazidə qalaqlanması, bir qismində isə məişət-çirkab sularının təmizlənmədən birbaşa Xəzər dənizinə axıdılması faktları aşkarlanıb.


Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və onlar İnzibati Xətalar Məcəlləsinə əsasən, ümumilikdə 9400 manat məbləğində cərimələniblər. Nöqsanların aradan qaldırılması məqsədilə obyekt sahiblərinə icrası məcburi olan müddətli "məcburi göstəriş”lər verilib.


Reydlər davam etdirilir.

Xəbər lenti