“ASAN Xidmət”-də 131 hüquqi şəxsə icazə verilib

12.07.2018 13:12

2018-ci ilin II rübü ərzində Energetika Nazirliyi tərəfindən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, idxalı və tranziti üzrə 105 hüquqi şəxsə icazə verilib.

Nazilrikdən XəzərXəbər-ə verilən xəbərə görə ,bunlardan 87 icazə 5 saylı "ASAN Xidmət” mərkəzi vasitəsilə həyata keçirilib. Verilmiş icazələrin 82-si ixrac nəzarətinə düşən malların idxalı, 13-ü ixrac nəzarətinə düşən malların ixracı, 10-u isə ixrac nəzarətinə düşən malların tranziti ilə bağlı icazələr olub.

"Sumqayıt Kimya Sənaye Parkı” MMC-yə elektrik enerjisinin sənaye parkının hüdudlarında paylanmasına görə 1 icazə verilib.

Ümumilikdə 2018-ci ilin 6 ayı ərzində Energetika Nazirliyi tərəfindən 177 hüquqi şəxsə icazə verilib və bu icazələrin 131-i ASAN Xidmət” mərkəzi vasitəsilə həyata keçirilib.

Qaydalara uyğun olaraq, icazələrin verilməsi üçün təqdim olunmuş sənədlərdə məlumatların, texniki göstəricilərin düzgünlüyü yoxlanılıb, xarici iqtisadi əlaqələrin həyata keçirilməsi üçün nəzərdə tutulmuş malların ixrac nəzarətinə düşən malların siyahısına uyğunluğu araşdırıldıqdan sonra həmin malların ixracı, idxalı və tranzitinə icazə verilib. Bundan başqa icazələrlə bağlı təqdim olunmuş sənədlərin və verilmiş icazələrin reyestri aparılıb və həmin məlumatlar elektron qaydada İqtisadiyyat Nazirliyinə, Vergilər Nazirliyinə və Dövlət Statistika Komitəsinə təqdim edilib.

Qeyd edək ki, 1 fevral 2018-ci il tarixindən Energetika Nazirliyi tərəfindən müvafiq icazələrin "ASAN Xidmət” mərkəzi vasitəsilə verilməsi sahibkarlıq fəaliyyətinə icazələrin verilməsində şəffaflığın artırılmasını və verilmə prosesinin asanlaşdırılmasını təmin edib. Hazırda 3 növ icazənin "ASAN Xidmət” mərkəzi vasitəsilə verilməsi həyata keçirilir. Bura ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə, mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən əşyaların dövriyyəsinə icazə və ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi daxildir.

Vətəndaşlar nazirliyin rəsmi internet səhifəsində "Elektron xidmətlər” bölməsinə daxil olmaqla (və ya e-xidmet.minenergy.gov.az saytına girərək) icazə almaq üçün sənədlərini elektron qaydada da göndərə bilərlər.

Hazırda Energetika Nazirliyi tərəfindən "icazələrin verilməsi” üzrə informasiya ehtiyatının "Lisenziya və icazələr” portalına inteqrasiya edilməsi üçün işlər davam etdirilir. "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 3 nömrəli əlavəsində göstərilmiş nazirlik tərəfindən verilən icazələr barədə məlumatlar Dövlət Xidmətləri Portalına daxil edilib və Energetika Nazirliyinin rəsmi internet səhifəsində yaradılmış "Xidmətlər” bölməsinin "Dövlət xidmətləri” hissəsində yerləşdirilib.

© xezerxeber.az


199 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR