Naxçıvan siqareti xaricə ixrac edilir

11.01.2018 16:35

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 10 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı” tütünçülüyün inkişafı sahəsində geniş imkanlar açıb. Bu gün Naxçıvan Muxtar Respublikasında da tütünçülüyün inkişafı üçün lazımi addımlar atılır. Bu məqsədlə ötən il muxtar respublikanın Kəngərli rayonunun Təzəkənd və Xıncab kəndlərində təcrübə məqsədilə tütün əkini aparılıb.

"Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının "Cahan Tabak” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən rayonun həmin kəndlərində əkin keçirilib. Ötən il rayonda Tütün Yetişdirmə Təsərrüfatı fəaliyyətə başlayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ötən il oktyabrın 28-də həmin təsərrüfatda yaradılmış şəraitlə tanış olub, lazımi tapşırıq və tövsiyələrini verib.

Təcrübə məqsədilə Kəngərli rayonunda əkilmiş tütün sortlarından gələcək illərdə muxtar respublikanın digər bölgələrində də istifadə olunacağı gözlənilir. 2,5 hektar ərazini əhatə edən təsərrüfatda şitil yetişdirmək üçün 2 min 304 kvadratmetr sahəsi olan 5 istixana, yeraltı su anbarı, 1350 kvadratmetr tütün qurutma yeri və 420 kvadratmetr sahəsi olan 2 anbar yaradılıb, Türkiyə mənşəli müxtəlif texnika və texnoloji avadanlıqlar alınıb. İlkin olaraq Kəngərli rayonunda 9 hektar sahədə sınaq məqsədilə məhsuldar "Virciniya” və "Oriental” tütün sortları əkilib, bu günədək 11 tondan çox quru tütün istehsal olunub. Təsərrüfatda 60 nəfər işlə təmin edilib.

Əkin zamanı yerli torpaq və iqlim şəraiti nəzərə alınaraq məhsuldar sortlardan istifadə olunur. Tütünün becərilməsi, yığımı və qurudulması müasir texnoloji qaydalara uyğun aparılır ki, bu da keyfiyyətli məhsul istehsalına imkan verir. Təsərrüfatda yetişdirilən şitillər muxtar respublikada tütünçülüklə məşğul olan torpaq mülkiyyətçilərinin tələbatını tam ödəyəcək. Eyni zamanda, burada tütün qəbulu da həyata keçiriləcək. Dövlət tərəfindən tütün istehsalçılarına subsidiyaların verilməsi və tütün qəbulu üçün yaradılan şərait bu sahəyə marağı xeyli artırıb. Təkcə keçən il Kəngərli rayonunun 10 kəndinin torpaq mülkiyyətçiləri tütün əkini üçün müraciət edib. Bu il 100 hektardan artıq sahədə tütün əkini nəzərdə tutulur.

Təcrübə məqsədilə rayonda əkilmiş tütün sortlarından gələcək illərdə muxtar respublikanın digər bölgələrində də istifadə olunacağı gözlənilir.

Mütəxəssislərin bildirdiyinə görə, ölkəmizin təbii-iqlim şəraiti 1 hektar sahədən 35-37 sentner keyfiyyətli tütün alınmasına imkan verir. Xüsusilə yaz və payız aylarında iqlimin isti olması yüksəkkeyfiyyətli məhsul alınması üçün əlverişlidir. Mütəxəssislərə görə, ölkəmizdə ən keyfiyyətli məhsul Şəki-Zaqatala bölgəsində və Naxçıvan Muxtar Respublikasında əldə olunur.

Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev ölkəmizdə tütünçülüyün inkişafı məsələsinə toxunaraq deyib: "Tütünçülüyə göstərilən diqqət öz bəhrəsini verir. Əgər 2016-cı ildə 3500 ton tütün tədarük olunmuşdusa, keçən il bu rəqəm 5200 tona çatıb. Bu il də bir çox önəmli tədbirlər görüləcək, qurutma kameraları alınacaq və fermerlərə əlavə dəstək veriləcək. Biz tütünçülüyün bərpasına çox yaxınıq və gələcəkdə tütünü nəinki xammal kimi, hazır məhsul - siqaret şəklində ixrac etməliyik”.

Qeyd edək ki, bu gün muxtar respublikada fəaliyyət göstərən "Cahan Tabak” Məhdud Məsuliyyətli Cəmiyyətində bazarın tələbatına uyğun olaraq 11 növdə filtrli siqaret istehsal olunur. Bu məhsulların 10 faizi daxili tələbatı ödəyir, 90 faizi isə 8 xarici ölkəyə ixrac olunur.

Görülən işlər belə deməyə əsas verir ki, tezliklə muxtar respublika iqtisadiyyatında tütün sektorunun çəkisi ciddi ölçüdə artacaq, bu sahənin inkişafı həm də yüzlərlə yeni iş yerinin yaranmasına səbəb olacaq./azərtac

© xezerxeber.az


93 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR