Azərbaycanda ilk dəfə hər yenidoğulmuş eşitmə müayinəsindən keçirilir

11.01.2018 13:49

Ötən ilin dekabr ayından etibarən Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) hər yenidoğulmuşda eşitmənin skrininq müayinəsi aparılır.

AZƏRTAC xəbər verir ki, bu barədə RMDM-nin audioloqu İlahə Aslanova mərkəzin mətbuat xidmətinə məlumat verib.

Həkim deyib: "İndiyə kimi yalnız eşitmə itkisi üzrə risk qrupuna daxil olan körpələr bu müayinəyə cəlb olunurdu. Artıq RMDM-də doğulan hər körpə üzərində "Topuq tarama testi” və ROP xəstəliyinə görə müayinə ilə yanaşı bu təhlillər də aparılır. Azərbaycanda ilk dəfə keçirilən bu skrininqin məqsədi uşaqlarda eşitmə problemlərinin erkən diaqnostikası və reabilitasiyasını təmin etməkdir.”

İ.Aslanova eşitmə zəifliyinin cəmiyyətdə mütəmadi təsadüf edilən və dil inkişafını əngəlləyən problemlərdən biri olduğunu vurğulayıb: "Uşaqlar danışıq səslərini və dil bacarıqlarını ətrafdan eşidərək inkişaf etdirirlər. Uşağın 6 ay-2 yaşına kimi eşitmə azlığı bəlli olmayıbsa, bu, onun üçün dil inkişafı baxımından çox kritik mərhələnin itirilməsi deməkdir. Belə ki, bu, beynin adaptasiya və öyrənmə qabiliyyətinin maksimumda olduğu bir mərhələdir. Eşitmə zəifliyi uşağın gələcək həyatına ciddi mənfi təsir göstərir. Bu uşaqlarda söz ehtiyatı gec formalaşır. Normal eşidən həmyaşıdları ilə müqayisədə bu uşaqlar çox geri qalırlar. Hazırda RMDM-də tətbiq olunan, yenidoğulmuşlarda eşitmənin skrininq müayinəsi eşitmə zəifliyinin erkən diaqnostikasının ilk mərhələsi hesab olunur. Bu səbəbdən hər bir yenidoğulmuşun bu müayinəyə cəlb olunması vacibdir. Eşitmə azlığının dərəcəsinə uyğun olaraq, atacağımız addım isə audioloq və LOR həkimi tərəfindən təklif olunmalıdır. Övladınızda və ya yaxınlarınızda eşitmə zəifliyi varsa, hansı yaşda olmasından asılı olmayaraq, eşitmə müayinəsinə yönləndirməyiniz tövsiyə olunur. Unutmayın ki, erkən diaqnostika və uyğun tədbirlər sayəsində övladınız bu problemlərdən azad olaraq özünü cəmiyyətin bir üzvü kimi təsdiqləyə bilər”.

© xezerxeber.az


208 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR