BMT Əhali Fondu Azərbaycanda uşaqlar arasında cins nisbətinin pozulmasından narahatdır

11.10.2017 12:18

BMT Əhali Fondunun Azərbaycandakı nümayəndəliyi Azərbaycanda doğulan uşaqlar arasında cinsi nisbətinin pozulmasından narahatlığını bildirib.

BMT Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin 11 oktyabr - Beynəlxalq Qız Övladları Günü ilə əlaqədar hazırladığı məlumatda qeyd edilir ki, cəmiyyətimizdə hökm sürən bir sıra mənfi stereotiplər qızların ailədə arzu olunmaz övlad olmasına səbəb olur: "Təəssüflər olsun ki, ölkəmizdə qız övladına münasibət birmənalı deyil. Cəmiyyətimizdə hökm sürən bir sıra mənfi stereotiplər qızların ailədə arzu olunmaz övlad olmasına səbəb olur. Məhz bu münasibət nəticəsində doğulan uşaqlar arasında cinsi nisbətin bioloji normaya əsasən 105-106 olmasına baxmayaraq, ölkəmizdə bu rəqəm 114 təşkil edir. Bu durumla qarşılaşan ölkələrin keçdiyi yola nəzər salsaq, belə dinamikayla Azərbaycan cəmiyyətinin qarşısı çox çətin alınan bir sıra problemlərlə üzləşə biləcəyini ehtimalı çox böyükdür”.

Məlumatda bildilir ki, bu problem BMT-nin Əhali Fondunu çox narahat edir. Bunu nəzərə alaraq BMT-nin Əhali Fondu uşağın cinsinə görə edilən selektiv abortların qarşısının alınması məqsədilə bir sıra layihələri həyata keçirir: "Belə ki, bu layihələr çərçivəsində ölkədə ilk dəfə olaraq əsas auditoriya qismində məhz gənc kişilər və atalar əhatə olunur. Bu layihələr Avropa İttifaqı və Niderland Krallığının maliyyə dəstəyi ilə həyata keçirilir. Sözügedən layihələrin uğurlu icrası məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də əsas hökumət tərəfdaşları kimi yaxından iştirak edərək, layihələrə əhəmiyyətli dəstək verirlər".

© xezerxeber.az


85 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR