Saxta məktəbli formalarının uşaqlara hansı zərərləri var? ARAŞDIRMA

11.09.2017 13:08

-Uşağa məktəb forması almısan?
-Deyirlər məktəb formalarının çoxu saxtadır, uşaqların sağlamlığı üçün təhlükəlidir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin bu gün saxta məktəbli formaları ilə bağlı yaydığı məlumat artıq valideynlərdə narahatlıq yaradıb. Valideynlər saxta, mənşəyi naməlum olan məktəbli formaları almaqdan sığortalanmadıqlarını, formaların hər tin-dalanda satıldığını deyirlər.

Övladlarının hər üçü ibtidai sinifdə oxuyan Günel Salmanova deyir ki, bu tədris ilində uşaqlarının üçünə də məktəbli forması almalıdır: "Amma bilmirəm hardan alım ki, saxtası, zərərlisi olmasın. Dövlət qurumları da xəbərdarlıq edirlər ki, saxta forma uşağa zərərlidir”.

Qeyd edək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən "Bakı Tikiş Evi” ASC-nin rəsmi müraciəti əsasında Bakı və Sumqayıt şəhərlərində məktəbli geyimlərinin satışının vəziyyəti araşdırılıb. Müəyyən olunub ki, istehlak bazarında bir sahibkara məxsus əmtəə nişanınından digərləri qanunsuz istifadə etməklə mənşəyi məlum olmayan parçalardan hazırlanan məktəbli geyimlərinin satışı həyata keçirilir. Belə ki, Bakı şəhəri, Nizami rayonu 8-ci kilometr qəsəbəsində yerləşən ticarət mərkəzlərində, həmçinin "Sədərək”, "Binə” və "Karvan” ticarət mərkəzlərində yerləşən mağazalarda, Sumqayıt şəhəri, 30-cu məhəllədə "Mələk” və 40-cı məhəllədə yerləşən "Pompey” ticarət mərkəzlərində "Bakı Tikiş Evi” ASC-yə məxsus "BTE” əmtəə nişanından qanunsuz istifadə edilərək, mənşəyi bilinməyən parçalardan tikilmiş külli miqdarda məktəbli geyimlərinin satıldığı aşkar olunub. Əmtəə nişanının saxtalaşdırılması yolu ilə nişan üzərində müstəsna hüquq sahibi olan sahibkarın hüquqlarını pozmaqla istehlakçıların çaşdırılmasına və bazara mənşəyi məlum olmayan malları çıxardığına görə satış obyektlərinin sahiblərinə xəbərdarlıq edilib. Komitənin məlumatında o da bildirilir ki, məhsulların keyfiyyətinin standarta uyğunluğunu müəyyən etmək məqsədilə adıçəkilən ünvanlardan götürülmüş nümunələr sınaqların aparılması üçün Azərbaycan Standartlaşdırma İnstitutunun laboratoriyasına təqdim edilib: "Laboratoriya sınaqlarının nəticələri barədə əlavə məlumat veriləcəkdir. Həmçinin saxta məktəbli geyimlərini istehsal edən sexin aşkar olunması istiqamətində müvafiq işlər görülür. Bunu əsas götürərək valideynlərə tövsiyyə edirik ki, insan həyatı və sağlamlığının qorunması, isteklakçıların qanuni maraqlarının təmin edilməsi və aldadılmaması, həmçinin keyfiyyəti təsdiq edilməyən saxta geyimlərin qarşısının alınması məqsədilə yalnız sertifikatlaşdırılmış malları alsınlar. Bu, həm övladlarınızın sağlam inkişafına, həm də istehlak bazarında müəyyən olunan saxtakarlığın qarşısının alınmasına xidmət edəcək”.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyir ki, saxta məktəbli formalarının tikildiyi sexlər dövlət nəzarətindən kənar qaldığından, formaların tikilməsində istifadə edilən parçaların keyfiyyəti, mənşəyi naməlumdur. F. Talıblı bu parçaların keyfiyyəti ilə yanaşı, tikilişində də standartın tələblərinə əməl olunmadığını söylədi: "Məhsul saxtadırsa onun keyfiyyəti 100 faiz şübhə doğurur. Ona görə də biz valideynlərə saxta geyimləri almamağı tövsiyyə etmişik. Saxta geyimlərin sağlamlığa mənfi təsirləri çoxdur. Labarator sınaqların nəticələri ictimaiyyətə də açıqlanacaq”.

Məktəbli formalarının tikilişi ilə bağlı ixtisaslaşmış Bakı Tekstil Fabrikinin (BTF) texnoloqu Tahir Rəsulov da valideynləri ehtiyatlı olmağa cağırır: "Valideynlər bəzən saxta məhsulun o qədər də zərərli olmadığını düşünürlər. Bu kökündən yalnış yanaşmadır. Əgər saxta foma məktəblilər üçün tikilibsə, daha da ehtiyatlı olmaq lazımdır. Biz bunu sadəcə insanlar, valideynlər arasında qorxu yaratmaq üçün söyləmirik. Məktəbli formasının tikilişi ilə bağlı tələblər var. O tələblərdə parçanın tərkibi, yun, ipək, pambıq qarışıqla yanaşı, sintetik tərkibi də göstərilməlidir. Tələblərə görə, sintetik qarışıq parçada 100 faiz olmamalıdır. Amma indi saxta məktəbli formaları 100 faiz sintetik tərkibli parçalardan hazırlanır. O parçaların lifləri sintetik məhsullardan hazırlanır. Halbuki, parçada sintetik tərkib müəyyən həddi keçə bilməz”.

T. Rəsulovun sözlərinə görə, sintetik liflər parçada 60 faizədək yer ala bilər: "Mütləq bu zaman parçanın ən azı 40 faizi təbii tərkib olmalıdır. Yun, ipək, pambıq və sairə. Bizim məktəbli formalarının tikildiyi parçalarda sintetik tərkib 30-40 faizə qədərdir. Əsası təbii tərkib təşkil edir”.

Texnoloq 100 faiz sintetik liflərdən hazırlanan geyimlərin insan səhhətinə zərərinin böyük olduğunu söyləyir: "Əgər uşağınıza 100 faiz sintetik tərkibli forma alıb geyindirmisinizsə, bilin ki, onun bədənini sanki bir şüşə qəfəsə salmısınız. İnsan bədəninin ətraf mühitlə əlaqəsi kəsilməməlidir. Bədəndən çıxan isti temperatur havaya buraxılmalıdır. Amma sintetik parçalar nə içəridən çölə, nə də çöldən içəri hava buraxır. İnsan bədəninin ətraf mühitlə əlaqəsi tamam kəsilir. Amma normalda bədənin istilik təminatı dəyişməlidir. Təbii tərkibli parçalar içəri hava buraxdığından belə təhlükə yaranmır. Həkimlər insan bədəninin bir neçə saat eyni temperaturda qalmasının, bədənin havasız şəraitdə olmasının orqanizmi xəstə saldığını deyirlər”.

T. Rəsulovun sözlərinə görə, sintetik tərkibli məktəbli formaları böyüməkdə olan orqanizmə daha mənfi təsir göstərir: "Uşaqları belə geyimdə bir neçə saat saxlamaq onların orqanizminə, inkişafına mənfi təsir edir. Bədən havasız mühitdə qalır. Dəri nəfəs almadığından inkişaf ləngiyir”.

Texnoloq bu cür parçalardan sex şəraitində hazırlanan geyimlərin məktəblilər üçün diskomfort yaratdığını da söyləyir. Onun sözlərinə görə, sex şəraitində geyimlərin tikiliş qaydası, ölçü və sair amillər kobud sürətdə pozulur: "Məktəbli forması şagirdlərin yaşı nəzərə alaraq ölçülərə uyğun tikilir. Sexlərdə tikilən formalarda isə ölçülərə ümumiyyətlə əməl olunmur. Bəzən pencəklərin qolu dar, şagirdin yazı yazmasına, əyilib qalxmasına hərəkətinə mane olur. Buna görə də, valideynlər məktəbli forması alarkən saxta məhsulları almamalıdırlar”. /movqe.az

© xezerxeber.az


182 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR