Uşaqlarımızı zərərli informasiyalardan necə qoruyaq?

12.08.2017 11:10

"Uşaqları internetdə yayılan zərərli informasiyalardan qorumaq, onların mənəvi-əxlaqi dəyərlərimizə uyğun informasiyalar almasını təmin etmək bu gün çox mühüm məsələdir".

XəzərXəbər bildirir ki, bunu trend-ə Milli Məclisin deputatı Musa Quliyev "Telekommunikasiya haqqında" qanuna uşaqların zərərli informasiyalardan qorunması ilə bağlı dəyişikliyə münasibət bildirərkən deyib.

M.Quliyev bildirib ki, dünya təcrübəsində də, xüsusən Avropa ölkələrinin təcübəsində bu məsələ var: "Vətəndaş telekommunikasiya operatoru ilə müqavilə bağlayır ki, hansı saytlara giriş məhdudlaşdırılsın, yaxud uşaqlar üçün xüsusi bir proqram hazırlansın ki, ancaq faydalı saytlara giriş mümkün olsun".

Millət vəkili internet klublarında da uşaqlara xüsusi qaydaların tətbiq edilməsini təklif edir: "Uşaqlara internet klublarda gedib işləməyi qadağan etmək olmaz, çünki uşaqlar internetdən dərs üçün və ya maarifləndirici məlumatlar da götürə bilərlər. Amma onların qarşısında şərt qoymaq olar ki, misal üçün, uşaqlar internet klubda 1, 2 və ya 3 nömrəli kömpüterin qarşısında otura bilər. O kompüterlərə də xüsusi proqram yüklənə bilər ki, uşaqlar yalnız təhsil, maarifləndirici, mədəniyyətlə bağlı saytlara girsinlər".

Qeyd edək ki, "Telekommunikasiya haqqında" qanuna təklif edilən maddəyə əsasən, operatorlar və provayderlər abunəçinin müraciəti əsasında uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması üçün internet informasiya ehtiyatlarından təhlükəsiz istifadə imkanlarını təmin etməlidir.

Həmçinin qanuna təklif edilən əlavəyə əsasən, abunəçilərə uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması üçün operatorlar və provayderlərdən tədbirlər görülməsini tələb etmək hüququ verilir.

© xezerxeber.az


63 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR