Suraxanı rayonunun
Zığ-Suraxanı avtomobil yolunun Etibar Bəkirov və Səttar Bəhlulzadə
küçələri arasında yerləşən 2.7 km-lik hissəsinin yenidən qurulması
işləri yekunlaşmaq üzrədir.
Bu barədə XəzərXəbər-ə "Azəravtoyol” ASC-dən məlumat verilib.
Təmir-tikinti
işləri zamanı yol genişlədirilərək 12 m-ə çatdırılıb. Yolun hərəkət
hissəsinin eni 9 m təşkil edir. Sözügedən yol uzun müddət idi ki, təmir
olunmurdu və intensiv hərəkət nəticəsində asfalt-beton örtükdə qabarmış,
dağılmış hissələr yaranmışdı. Bu isə avtonəqliyyat vasitələrinin rahat
və maneəsiz şəkildə hərəkətində problemlər yaradırdı. Artıq bu problem
tam olaraq aradan qaldırılır.
Aparılan işlər zamanı köhnə
asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb. Zəruri olan yerlərdə yol
yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material
tökülərək yeni yol yatağı, qum-çınqıl qarışığı və optimal qırmadaş
qarışığından ibarət isə yol əsasının inşası aparılıb. Yol boyu yeraltı
kommunikasiya xətləri yeniləri ilə əvəzlənib, bəziləri yolun hərəkət
hissəsindən kənara çıxarılıb.
Artıq yolun asfaltlanmasına start
verilib və bu işlər də yekunlaşmaq üzrədir. Ümumilikdə, 2 qat olmaqla
yolun 30 min m2-ə yaxın sahəsinə yeni asfalt-beton örtük döşənir. Layihə
çərçivəsində vətəndaşların avtomobil yolunun kənarı ilə təhlükəsiz
hərəkətini təmin etmək məqsədi ilə yol boyu 1.5 km-lik hissədə hər iki
istiqamət üzrə 1.5 metr enində yeni piyada səkilərinin tikintisi də
aparılır. Səkilərin kənarına 6.7 min p/metr yeni səki daşı düzülür.
Səth
sularının yolun hərəkət hissəsindən ötürülməsini təmin etmək məqsədi
ilə zəruri olan yerlərdə xüsusi quyular tikilərək 10 ədəd yağış
barmaqlıqları və 10 nöqtədə 250 mm diametrli drenaj borular, həmçinin
qrunt sularının ötürülməsi üçün 6 ədəd suötürücü boru quraşdırılıb.
Bundan başqa, gələcəkdə yola ziyan vurmadan yeraltı kommunikasiya
xətlərinin keçirilməsi üçün 9 yerdə ehtiyat keçidlər qoyulub.
Layihə
çərçivəsində avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanaqlara
giriş-çıxışını təmin etmək məqsədi ilə 8 yerdə xüsusi "cib”li dayanacaq
hissələr yaradılır. Bütün işlər tərtib olunmuş qrafikə uyğun
"Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji
ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır.
Qeyd edək ki, ötən il Zığ-Əmircan-Yeni Suraxanı
avtomobil yolunun 5 km-lik hissəsinin tikintisi yüksək keyfiyyətlə
aparılaraq yekunlaşdırılıb. Ümumilikdə, sözügedən avtomobil yolu 63 min
nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirir.