Xəzər Xəbər

Texniki baxışla bağlı SMS məlumatlandırma xidməti yaradılıb

Cəmiyyət | 14:02 • 23 Oktyabr 2019
Texniki baxışla bağlı SMS məlumatlandırma xidməti yaradılıb

Texniki baxışla bağlı sürücülərə məlumat verilməsində yenilik edilib.


Xezerxeber.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən irəli sürülən bu təşəbbüs müsbət həllini tapıb.


Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev açıqlamasında bildirib ki, Baş Dövlət Yol Polisi İdarəsi Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı ilə əhalinin məmnunluğunun təmin edilməsi məqsədilə "ASAN xidmət”ə müraciət edərək texniki baxışın bitməsi barədə sürücülərə SMS vasitəsilə məlumat verilməsi xidmətinin yaradılmasını təklif edib. Verilən təklif müsbət qiymətləndirilib, bu xidmət operativ şəkildə aktivləşib.


K.Əliyev deyib ki, bundan sonra nəqliyyat vasitələrinin sahiblərinə texniki baxışın bitməsinə 10 gün qalmış SMS-lə məlumat verilməsi nəzərdə tutulur və növbəti texniki baxışdan keçirilməsinədək olan vaxt barədə də məlumat yazılır. Hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün yaradılmış elekton kabinetdə texniki baxışla əlaqədar müvafiq məlumatların yerləşdirilməsinə baxmayaraq, əvvəllər sürücülər texniki baxışdan keçmə vaxtını unutduqlarını, üstündən 1-2 il vaxt keçdiyini və yadda saxlaya, eləcə də elektron kabinetdən istifadə edə bilmədiklərini deyərək narazılıq edirdilər. Biz də bu problemi həll etmək üçün "ASAN xidmət”in köməyi ilə SMS məlumatlandırma xidmətini yaratmaq qərarına gəldik. Amma bunun üçün sürücülərin də atmalı olduğu bəzi addımlar var.


Şöbə rəisi "asanpay.az” saytında qeydiyyatdan keçməyən sürücülərdən xahiş edir ki, həmin saytda FİN kod vasitəsilə elektron qaydada qeydiyyatdan keçsinlər və bu xidmət avtomatik olaraq həmin sürücülər də aktiv olsun. Çünki sürücünün telefon nömrəsi sistemdə olmadıqda onlar bu xidmətdən yararlana bilməyəcəklər.

Xəbər lenti