Xəzər Xəbər

DST: Dünyada azı 2,2 milyard insan korluqdan əziyyət çəkir

Cəmiyyət | 15:18 • 9 Oktyabr 2019
DST: Dünyada azı 2,2 milyard insan korluqdan əziyyət çəkir

Dünyada azı 2,2 milyard insan görmə qabiliyyətinin ciddi pozulması və ya korluqdan əziyyət çəkir. Bununla yanaşı, vaxtında aparılmış müayinə, profilaktika və müalicə nəticəsində 1 milyarda yaxın halda bu problemlərin qarşısını almaq mümkün ola bilərdi.


AZƏRTAC Dünya Səhiyyə Təşkilatına (DST) istinadla bu barədə xəbər verir.


Oktyabrın 10-da qeyd olunacaq Dünya Görmə Günü astanasında DST ekspertləri ilk dəfə olaraq görmə qabiliyyəti problemlərinə həsr olunan ətraflı məruzə dərc ediblər. Məruzənin müəllifləri belə qənaətə gəliblər ki, zəif görən və kor insanların sayı getdikcə artır. Bu, əsasən aşağı və orta səviyyəli gəlirə malik ölkələrdə müvafiq tibb xidmətlərinin əlçatanlığının məhdudluğu ilə bağlıdır.


"Görmə ilə bağlı problemlər tez-tez qarşıya çıxır və çox vaxt bu problemlər heç cür həll olunmur. İnsanların zəruri yardımı almağa və bununla yanaşı, çətin maliyyə vəziyyətinə düşməmək imkanı olmalıdır. Göz xəstəliklərinin müalicəsi hər yerdə milli səhiyyə planına daxil edilməlidir”, - deyə DST-nin başçısı Tedros Adhanom Hebreyesus məruzəni təqdim edərkən bildirib.


DST-nin məruzəsində bildirilir ki, görmə qabiliyyətinin pozulması halları ilə çox vaxt dağ rayonlarının sakinləri, qadınlar, ahıllar, məhdud imkanlara malik insanlar, həmçinin etnik azlıqların və yerli xalqların nümayəndələri qarşılaşırlar. Yüksək gəlir səviyyəsinə malik ölkələrə nisbətən Tropik Afrika və Cənubi Asiya ölkələrində korluğa 8 dəfə çox rast gəlinir.


"65 milyon kor insanı adi kataraktanın kənarlaşdırılması əməliyyatı vasitəsilə xəstəlikdən xilas etmək olardı. Bu əməliyyat qısa müddət ərzində həyata keçirilir. Buna görə də bu qədər insanın görmə qabiliyyətindən məhrum olması hiddət doğurur. Dünyada daha 800 milyon insan təkcə eynəklərinin olmaması səbəbindən adi gündəlik işlərin öhdəsindən çətinliklə gəlir”, - deyə DST rəhbəri bildirib.


Ekspertlər, həmçinin qeyd edirlər ki, kor olma və görmə qabiliyyətinin pozulması hallarının artmasının əsas səbəblərindən biri dünya əhalisinin sürətlə qocalmasıdır. Bununla yanaşı, son onilliklər ərzində əhalinin həyat tərzi əhəmiyyətli dərəcədə dəyişib. İnsanlar qapalı məkanlarda daha çox vaxt keçirir, küçələrdə daha az olur, çoxları kompüter arxasında işləyirlər. Bu, əksər hallarda yaxındangörmənin inkişaf riskini artırır. Bu xəstəlik 2,6 milyard insanda aşkar edilib.


Bundan başqa, mütəxəssislərin sözlərinə görə, diabet xəstələrinin sayı artır. Praktik olaraq bütün diabet xəstələri gözün tor qişası xəstəliyinin - retinopatiyanın bu və digər formasından əziyyət çəkir. Bu gün dünyada retinopatiya diaqnozu ilə 146 milyon insan yaşayır.


Tibb işçiləri görmə qabiliyyətinin tez-tez yoxlanılmasının və onun pisləşməsinin ilk əlamətləri zamanı dərhal həkimə müraciət etməyin vacibliyini xatırladırlar. Onlar, həmçinin qeyd edirlər ki, zəif görən və kor insanlar zəruri reabilitasiya vasitələri və müasir köməkçi texnologiyalarla təmin olunarlarsa, o zaman tamdəyərli həyat tərzi yaşaya bilərlər.

Xəbər lenti