Xəzər Xəbər

Ali məktəblərlə bağlı yeni həvəsləndirici mexanizmlər hazırlanacaq

Cəmiyyət | 11:48 • 1 Mart 2019
Ali məktəblərlə bağlı yeni həvəsləndirici mexanizmlər hazırlanacaq

Azərbaycanın ali təhsil müəssisələrində tədqiqat və ixtira fəaliyyətinin genişləndirilməsi üçün həvəsləndirici mexanizmlərin hazırlanması planlaşdırılır.

Bunu təhsil nazirinin müavini Firudin Qurbanov "Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” adlı layihənin açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ali təhsil müəssisələrində tədqiqat və ixtira fəaliyyətinin genişləndirilməsi üçün "Açıq İnnovasiya” konsepsiyasının hazırlanması da nəzərdə tutulur.

Nazir müavini hesab edir ki, bu, mövcud tədqiqat və ixtira imkanlarından daha yaxşı istifadə edilməsinə və yeni investisiyaların stimullaşdırmasına imkan yaradacaq.

F.Qurbanov əlavə edib ki, son illərdə Azərbaycanın ali təhsil sistemində mühüm islahatlar həyata keçirilir, tədqiqat, ixtira, innovasiya yönümlü layihələrə dəstək verilir.

Qeyd edək ki, Avropa İttifaqı ilə birgə həyata keçirilən "Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi çərçivəsində ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların idarəolunması üçün imkanların yaradılması, tədqiqatların dəstəklənməsi istiqamətində potensialın gücləndirilməsi və müasir doktorantura təhsil proqramlarının formalaşdırılması nəzərdə tutulur.

Həmçinin ali təhsil sistemində milli koordinasiya modelinin tətbiq olunması məqsədilə biri maliyyə mexanizmi olmaqla, üç dəstək mexanizmi hazırlanacaq. Həmin mexanizmlərdən biri pilot olaraq həyata keçiriləcək. (Trend)

Xəbər lenti