Xəzər Xəbər

Bir sıra rayonlarda qaz iyi səngimir 3 şəhərdə güclü partlayışlar olub

Cəmiyyət | 14:13 • 14 Sentyabr 2018
Bir sıra rayonlarda qaz iyi səngimir

Massaçusets ştatında, Bostondan şimalda yerləşən Andover, Nort Andover və Lourens şəhərlərində partlayışlar baş verib. Bir sıra rayonlarda qaz iyi hiss edildiyinə görə, sakinlərin təxliyə edilməsi başlanıb.

Bostonun WCVB-TV telekanalı ilə verilən məlumata görə, bu şəhərlərin polisi regionda 60-dan çox partlayış qeydə alıb. Bildirilir ki, yerli energetika şirkəti partlayış baş verən yerlərdə elektrik enerjisi verilişini dayandırıb. Andover şəhərinin hakimiyyət orqanları elan ediblər ki, partlayışlar nəticəsində azı 3 nəfər yaralanıb.

Ştat polisi qarşıdakı saatlar ərzində partlayışların və yanğınların sayının arta biləcəyini istisna etmir. Hakimiyyət orqanları bu insidenti hələlik qəsdən törədilmiş cinayət hesab etmir və şübhə doğuran şəxslər yoxdur. Yerli KİV-lərdə bildirilir ki, hadisəyə səbəb qaz kəmərinin zədələnməsi ola bilər. WBZ News bildirir ki, birinci partlayışa səbəb qaz kəmərində təzyiqin artması olub.

Lourens şəhərinin meri Den River yerli televiziya ilə çıxışında sakinlərdən xahiş edib ki, qəribə iy hiss etdikdə öz evlərini tərk etsinlər. Ştat polisi "Columbia Gas” şirkətinin xidmət etdiyi sakinləri təxliyə olunmağa çağıraraq bildirib ki, bu kommunal müəssisə həmin evlərə qaz verilişini dayandıracaq. (AZƏRTAC)

Xəbər lenti