Magistraturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün proqram seçimi başa çatır.
Dövlət İmtahan Mərkəzindən XəzərXəbər-ə verilən məlumata görə, bakalavrlar mayın 17-dək öz elektron ərizələrinə
daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını
seçib təsdiq etməlidirlər.
Azərbaycan Respublikasının ali təhsil
müəssisələrinin və AMEA-nın magistraturalarına 2018-ci il fevralın 25-də
keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə
müsabiqə şərtlərini ödəyən bakalavrlar imtahanın ikinci mərhələsinə
buraxılmaları üçün proqram seçimində iştirak etməlidirlər. Bunun üçün
bakalavrlar tələb olunan məbləği şəxsi kabinetlərinin hesabına əlavə
edib 2018-ci il 17 may 23:59-dək öz elektron ərizələrinə daxil olaraq
bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq
etməlidirlər.
Qeyd olunan müddətdə elektron ərizələrinə daxil
olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib
təsdiq etməyənlər 03 iyun 2018-ci ildə keçiriləcək imtahanın ikinci
mərhələsinə buraxılmayacaqlar.
Qeyd edək ki, imtahanın ikinci
mərhələsində bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə 50 test
tapşırığı təqdim olunmaqla (müəyyən proqramları seçən bakalavrlar
yazılı imtahan verməli, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə
ixtisas magistraturasına qəbul olmaq istəyən bakalavrlar isə qabiliyyət
imtahanı verməlidirlər. Bax: Magistr jurnalının 3-cü sayı) yoxlanılacaq.
İkinci mərhələdə imtahan suallarının cavablandırılmasına 1 saat 30
dəqiqə vaxt ayrılır.