İmtahana telefon keçirmək istədi
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün
Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq
istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul
imtahanı keçirib.
XəzərXəbər DİM-ə istinadən xəbər verir ki, imtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 66 binada aparılıb.
İmtahan
prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət
göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə
saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda
imtahan təlimata uyğun şəkildə keçirilib, abituriyentlərin öz bilik
səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Dəfələrlə
xəbərdarlıq edildiyinə baxmayaraq, bəzi abituriyentlər tələb olunan
sənədləri özləri ilə gətirmədikləri üçün imtahana buraxılmayıblar.
Bundan əlavə imtahana köməkçi vasitələr, o cümlədən mobil telefon
gətirən, imtahanın gedişi zamanı köçürməyə cəhd edən, imtahan
qaydalarına zidd hərəkətlərə yol verən abituriyentlər imtahandan xaric
olunub və nəticələri ləğv edilib.
Bu gün "Space” telekanalında
canlı yayımlanacaq "Abituriyent” verilişində DİM-in məsul əməkdaşları və
ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün
cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.
İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları isə
DİM-in internet saytında və "Facebook” səhifəsində yerləşdiriləcək.
Xatırladaq
ki, abituriyentlər müəllimlər, ekspertlər, valideynlər imtahanlarda
istifadə olunmuş test tapşırıqlarının izahını da DİM-in saytından əldə
edə biləcəklər.
Mayın 14-dən etibarən DİM-də imtahan
protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan
nəticələrinin yaxın 3-4 gün ərzində elan edilməsi nəzərdə tutulur.