Xəzər Xəbər

DİQQƏT: bu sürücülər 4 bal, 60 manat cərimə olunacaq

Cəmiyyət | 17:02 • 13 Oktyabr 2017
DİQQƏT:

Dövlət qeydiyyat nişanları ilə bağlı standartlar var. Defis yoxdursa və yaxud başqa rəngdədirsə, bu o deməkdir ki, standart pozulub. Əgər dövlət nömrə nişanı qeyri-standart olarsa, sürücü 60 manat və 4 bal ilə cərimə olunur.

Bu sözləri Axar.az-a "Digesta” hüquq firmasının direktoru, nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov deyib. O bildirib ki, defisin olmaması radara düşməmək üçün əsas deyil:

"Bəzən elə sürücülər var ki, radara düşməmək üçün hərfləri də dəyişirlər. Bu çox təhlükəlidir. Düzdür, indi texnologiyalar buna imkan vermir. Belə bir halın olması mümkün deyil. Həmçinin defisin pozulması təhlükəsizlik üçün də heç bir əhəmiyyət daşımır. Əslində o defis elementar bir şeydir. Onun nə yaxşı, nə də pis cəhəti var. Şahid olmasam da, sürücülərdən bu barədə maraqlanmaq istəyəndə bəziləri dəfələrlə bildiriblər ki, dövlət yol polisi onlara nömrəni bu formada verib. Buna görə, nömrə verilən zaman gərək standarta uyğun olsun, əks təqdirdə sürücü məsuliyyətə cəlb oluna bilər”.

Qeyd edək ki, ötən gün DİN Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələri sahiblərinə və sürücülərə nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarında qanunvericiliklə nəzərdə tutulmuş standartların tələblərinin pozulması (defis simvollarının, çərçivə xəttinin silinməsi) hallarının aradan qaldırılması üçün 1 ay müddətində vaxt verib. İdarədən bildiriblər ki, əks halda nəqliyyat vasitəsinin istismarı qadağan olunmaqla sürücülər hətta inzibati məsuliyyətə cəlb ediləcək.

Xəbər lenti