Xəzər Xəbər

Kişilərin qorxulu röyası: Qarşısını almaq olarmı?

Cəmiyyət | 15:05 • 13 Oktyabr 2017
Kişilərin qorxulu röyası:

Başda tük tökülmə, yəni keçəlləşmə günümüzün ən aktual problemlərindən biridir. Bu problem bir sıra amillərlə bağlıdır. Bunların arasında stress, vitamin çatışmazlığı, ətraf mühitin mənfi təsiri, doğru-düzgün qidalanmamaq da var. Təbii ki, keçəlləşmə problemini müalicə etmək mümkündür. Öncə Cebhe.info oxucularına saçların tökülməsinə səbəb olan amillərdən danışaq.

Saçlar niyə tökülür?

Almaniyalı alimlər kişilərin keçəlləşmə probleminə qarşı araşdırma aparıblar. Həkimlər dazlaşma problemi olan kişilərdən qan analizi götürüb, gen qruplarını müəyyən ediblər. İlkin səbəb androgen reseptorlarında, yəni X-xromosom qrupunda aşkarlanıb. Müəyyən olunub ki, başda androgen reseptoru nə qədər çox olarsa, saçların tökülmək təhlükəsi bir o qədər də çox olar. Qeyd edək ki, 70-72 faiz kişilərin keçəlləşməsinə səbəb anadan övladına, yəni ananın atasından nəvəsinə ötürülən gendir.

Siqaret saç tökür

Nikotin saç soğanaqlarında tük follikulasının qan dövranını dağıdıb, saçın ən sıx və görünən hissəsinə təsir edib, onu seyrəkləşdirir. Bu da sonda başda keçəlləşməyə gətirib, çıxarır.

Hormonal aktivlik

İnsanın alın hissəsində yerləşən hormonların aktivliyi nəticəsində də saç tökülməsi ilə üzləşmək olar. Tük soğanaqlarında yerləşən reseptorlar hormon molekullarına təsir edir və nəticədə saç tökülür. Uzun müddət hormonal tərkibli dərmanlar qəbul etmək də hormonal pozğunluğa səbəb ola bilər. Antibiotiklər və digər kimyəvi maddələr zamanla orqanizmdə toplanıb, saçların uzanmasına mane olur. Yaşlandıqca tüklər uzanmağa macal tapmamış, tökülməyə başlayır.

Papaqsız gəzməyin

Yay-qış deməyib, başını yuyub, jele sürtüb, darayıb, qızların xoşuna gəlməkdən ötrü qışın şaxtasında dona- dona küçəyə çıxırsan. Valideynlərinin "Başına papaq qoy!” kimi iradları sənə təsir etmir. Düşünürsən ki, bu sözləri ancaq balaca uşaqlara demək lazımdır. Amma unutma ki, yayda və qışda papaqsız gəzmək zamanla keçəlləşməyə gətirib çıxarır. Çünki günəşin ultrabənövşəyi şüaları saçları yandırır, qışda isə şaxta saç soğanaqlarını dondurub, tük follikullarını dağıdır.

Xəstə saçlar

Əgər saçların səbəbsiz yerə tökülməyə başlayıbsa və yuxarıda sadalanan variantların heç biri sənə aid deyilsə, o zaman həkimə müraciət etmək məsləhətdir. Ya da bu xəbəri biz sənə çatdıraq: gözün aydın, saçların xəstələnib. Amma burada qorxulu heç nə yoxdur. Xəstəliyə qalib gəlmək üçün bu rasiona diqqət yetir:

Olar:
Yaşıl alma
Süd, duzsuz ağ və holland pendiri
Günəbaxan tumları
Tərəvəzlər
Qara çörək

Olmaz:
Xama
Yağlı və duzlu yeməklər
Un məmulatları, şirniyyat
Mürəbbə
Şokolad

Yeməklərə E vitamini əlavə etmək saçların sağalmasına kömək edər. Saç tökülməsinin qarşısını almaq üçün yemək rasionunuza A vitamini bol olan qidalar daxil edin. A vitamini daha çox kökün, balığın, dəniz bitkilərinin, əriyin və inəyin qaraciyərinin tərkibində olur. Mütəxəssis fikrinə gəlincə, tibb elmləri doktoru, professor Adil Qeybulla Cebhe.info-ya müsahibəsində bildirib ki, başında tamamilə tükü tökülmüş, saçı az olan insanlara saç əkməyin əhəmiyyəti yoxdur. Çünki saç ənsə nahiyəsindən alınır. Orada da saç azdırsa, onda bu iş yaxşı alınmır. Professor həmçinin saç tökülməsinin səbəblərindən də söhbət açıb:

-Saçların tökülməsi müxtəlif səbəblərdən ola bilər. Bura irsi meyillilik, dərinin həddən artıq yağlı olması və sair daxildir. Androgenetik allopesiya -yəni keçəlləşmə kişi hormonudur. Androgenlərə bağlı, genetik meyilli insanlarda, xüsusən də 20-30 yaş arasında müşahidə edilən və əvvəlcə alın bölgəsindəki saç xəttinin geri çəkilməsi, sonra da təpə bölgəsinin seyrəlib açılması ilə meydana gələn bir vəziyyətdir. Həm kişi, həm də qadınlarda androgen hormonu mövcuddur. Ona görə də qadınlarda bir qədər fərqli androgenetik allopesiya əmələ gələ bilər.

-Əgər androgen hormonu hamıda mövcuddursa, niyə keçəlləşməyə kişilər məruz qalırlar?
-Burada genetik daşıyıcılıqla bərabər, bəzi xüsusiyyətlər də önəmlidir. Məsələn, başında keçəlləşmə prosesi baş verənlərin saçındakı androgen reseptorlarının sayı çoxdur.Buna daha çox kişilərdə rast gəlinir.Yetkinlik dövründən sonra kişilərin təqribən yarısı androgenetik allopesiya ilə qarşılaşa bilər. Androgenetik allopesiyada əsas 3 faktor rol oynayır:

Birinci, yaşlanma.Yaşlanan orqanizmin dayanıqlığı azalır.Saç da orqanizmin bir hissəsi olduğundan, keçən illər saçların dayanıqlığını azaldır.Genetik meyilliliyi olan insanlarda keçən zaman ərzində saç tökülməsi nisbətən daha da artır.

İkinci, hormonlar.Androgen hormon olan testosteron, 5-alfa reduktaza adlı ferment tərəfindən dihidrotestosterona (DHT) çevrilir.DHT saç kökləri üzərindəki müvafiq reseptorlarla birləşərək, terminal saç köklərində getdikcə artan bir kiçilmə (miniatürizasiya) əmələ gətirir.Bunun nəticəsində də terminal saçlar vellus saçlara bənzəməyə başlayır.Miniatürləşmiş köklərdə zəif, incə və rəngsiz (vellus) saçlar əmələ gəlməyə başlayır.Kiçilməkdə davam edən köklərə bir müddət sonra mikroskopla baxdıqda hüceyrə örtüyünün bir qalığı şəklində olduğu görünür və beləliklə, saç kökü yox olmağa başlayır.Saçlar daha zəif çıxmağa başlayır.DHT genetik meylli insanlarda anagen fazanın müddətini qısaldır.Bu hal saçın inkişaf dövründə anagen fazanın getdikcə qısalmasına yol açır.Nəticədə saçın çata biləcəyi maksimal uzunluğu azalır.

-Adətən, başda saçlar alın və təpə hissəsində tökülür. Ənsə hissədə, təxminən 4 barmaq olan hissə isə heç bir zaman tökülmür.Bunu nə ilə izah edə bilərsiniz?

-Bunun birmənalı səbəbi yoxdur. Həmin nahiyənin günəş şüasına, ətraf mühitin təsirinə daha çox məruz qalması rol oynayır.Baş dərisinin çox yağlanması da saç tökülməsinə səbəb olur.

-Son illər müxtəlif vitamin qarışıqlarından ibarət mezoterapiya inyeksiyası populyarlaşıb. Doğrudanmı, bu qarışıq saçların tökülməsinin qarşısını alır?
-Bəli, mezoterapiya müxtəlif vitaminlərin və müxtəlif turşuların dəri içərisinə vurulmasıdır. Əslində, intradermal yeridilən bu cür maddələr, dəriyə lokal olaraq müsbət təsir edir.Dərini sərbəst oksidlərdən qoruyur ki, bu da yenilənməyə, cavanlaşmaya səbəb olur.Bir sözlə, mezoterapiyanın əsas məqsədi dərini cavanlaşdırmaqdır.Saç dərisinə bu cür vitaminlərin, müxtəlif qidalandırıcı maddələrin vurulması onun keyfiyyətinə müsbət təsir edir.Lakin bununla yalnız həkim-mütəxəssis məşğul olmalıdır.Təəssüflər olsun ki, bəzən kosmetoloji salonlarda biliyi olmayan adamlar da oturur.Kiminsə əlindən nəyisə öyrənməklə bu işləri görmək təhlükəlidir, yolverilməzdir.

-Saçların uzadılması üçün nə kimi prosedurlar edilməlidir?

-Təəssüflər olsun ki, bəzən saçlar qırıldıqdan və ya kəsildikdən sonra uzanmırlar. Saçı uzatmaq istəyirsənsə, ona daim qulluq etməlisən.Yəni saçlar həddən artıq yağlı, çirkli qalmamalıdır.Bu, xüsusilə, sıx saçlara aiddir.Düzgün qidalanmağa xüsusi nəzarət etmək lazımdır.Saçları həddən artıq isti fenlə qurutmaq, boyamaq çox ziyandır.Kimyəvi boyalar saça çox mənfi təsir göstərir. Məsələn, həna və yaxud saçı qidalandıran digər vasitələrdən demək olar ki, az istifadə edirlər. Qadınlar daha çox, süni, kimyəvi saç boyalarından istifadə edirlər.Həmin saç boyalarının əksəriyyəti konserogen tərkiblidir.Dəriyə, saça toksiki təsir edir.Bütün bunlar saçın qırılmasına, inkişafının ləngiməsinə səbəb olur.Saçlarınızın sağlam və tez uzanması üçün isə kompleks vitaminlər qəbul etməyiniz vacibdir.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti