Havada maqnit qasırğası ilə bağlı həkim xəbərdarlığı
İnsult və ölüm riski var
Artıq bu gündən yerdə güclü maqnit qasırğası qeydə alınır. Qasırğanın
iki gün, bu gündən başlayaraq oktyabrın 14-dək davam edəcəyi bildirilir.
Məlumata görə, hətta oktyabrın 15-də də Yerin maqnitosferi qasırğanın
təsiri altında olacaq. Maqnit qasırğasının elektron qurğuların, xüsusilə
rabitə vasitələrinin işinə təsiri ilə yanaşı, meteohəssas insanlara da
təsirsiz ötüşməyəcəyi bildirilir.
Yayılan bu məlumat metohəssas insanları sağlamlıqlarına qarşı diqqətli
olmağa səsləyir.
Terapevt Emin Dadaşzadə maqnit qasırğasının insulta,
ölümə belə səbəb olma riskinin yüksək olduğunu söyləyir: "Elə metohəssas
insanlar var ki, maqnit qasırğası ilə bağlı xəbərdarlığı ciddi qəbul
etmir, əhəmiyyət vermirlər. Amma maqnit qasırğası metohəssas insanların
sağlamlığına çox ciddi təsir göstərir. Öncə qeyd edim ki, metohəssas
insanlar qrupuna beyin qan dövranı pozğunluğu olan, ürək-damar
xəstəliklərindən əziyyət çəkən, eləcə də şəkər xəstələri aiddir. Sinir
sistemi xəstəlikləri olan insanlar da metohəssas insanlar hesab edilir.
Bu insanlara adi insanlardan fərqli olaraq maqnit qasırğası ciddi təsir
göstərir. Bu zaman təzyiq artır, ürək döyüntüləri şiddətlənir, ürək
bulanma, baş gicəllənmə müşahidə olunur. Həmçinin sifətin qızarması, el
arasında buna pörtmə deyirlər, bu kimi hallar qeydə alınır. Baş ağrısı
da havada maqnit qasırğası şiddətli baş ağrısına da səbəb olur. Bu zaman
bəzi insanlar ağrıkəsici preparatlar qəbul etməyə üstünlük verirlər.
Amma maqnit qasırğısının yaratdığı narahatçılıqdan yaranan baş
ağrılarını ağrıkəsicilərlə müalicə etmək olmaz. Bu zaman əks effekt də
qeydə alına bilər”.
E. Dadaşzadə deyir ki, havada maqnit qasırğası olduqda təzyiqi nəzarətdə
saxlamaq mütləqdir: "Metohəssas insanlar baş ağrısı olan kimi ilk
növbədə təzyiqlərini ölçməlidirlər. Çünki, beyin qan dövranı
xəstəliklərində havada maqnit qasırğasının olması beyin qan dövranını
pozur. Bu zaman təzyiqin yüksək artımı qeydə alınır”.
Terapevt bildirir ki, metohəssas insanlar maqnit qasırğası davam etdiyi
müddətdə səhhətlərində narahatlıq yaranan an həkimə müraciət
etməlidirlər: "Metohəssas insanlar hava şəraiti ilə əlaqədar narahat
olan an həkimə,daha doğrusu təcili tibbi yardıma müraciət etməlidirlər.
Təzyiqin həddindən artıq yüksəlməsi insult təhlükəsi də yarada bilər. Bu
zaman təzyiqi türkəçarə üsullarla salmaq fayda vermir. Mütləq həkim
müayinə etməli, təzyiq həddindən artıq qalxıbsa, beyinə qan sızmanın
qarşısını almaq üçün dərman preparatını inyeksiya yolu ilə venaya
yeritməlidir”.
E. Dadaşzadə havada maqnit qasırğası olduğu müddətdə şəkər xəstələrinin
də dietaya ciddi riayət etməli olduğunu söyləyir: "Şəkər xəstələri üçün
dieta mütləqdir. Bu havada isə xüsusulə vacibdir. Mütləq şəkər
xəstələri yağlı qidalardan uzaq durmalıdırlar. Eyni zamanda bol
vitaminli qidalar qəbul etməlidirlər. Təzə meyvə və tərəvəzlərdən
istifadə daha məsləhətlidir. Çünki, belə xəstələrdə daim immun sistemi
zəif olur”.
E. Dadaşzadə yaşlı insanların da bu cür havaya qarşı çox həssas olduğunu
söyləyir: "Havada maqnit qasırğası olduqda yaşlı insanlarda ürəyin
tez-tez döyünməsi, təzyiqin yüksəlməsi kimi narahatçılıqlar meydana
çıxır”.
Terapevtin sözlərinə görə, ona görə də, havada maqnit qasırğası olduğu
müddətdə açıq havaya çıxmaqdan çəkinmək lazımdır: "Metohəssas insanlar
üçün ilk məsləhət havada maqnit qasırğası olduğu günlərdə evdə
dincəlməkdir. Çünki, belə hava açıq havada metohəssas insanlara daha tez
təsir edir”.
Qeyd edək ki, bundan öncə ötən ay sentyabrın 4-də Günəşdə baş vermiş
güclü partlayış nəticəsində Yerdə ardıcıl maqnit qasırğaları baş
vermişdi./movqe.az