Xəzər Xəbər

Qan xərçənginə yoluxan uşaqların sayı artıb – ƏLAMƏTLƏRİ

Cəmiyyət | 11:06 • 13 Oktyabr 2017
Qan xərçənginə yoluxan uşaqların sayı artıb –

Son zamanlar xərçəng xəstəliyinə yoluxanların sayı artıb. Təəssüf ki, bu xəstəliyə uşaqlar arasında da rast gəlinir. 

 

Ailem.az bildirir ki, bu barədə medicina.az-a hematoloq Ələmdar Cəfərov bildirib: "Uşaqlarda bu xəstəliyin 2-10 yaş arası daha çox rast gəlinir. Onlarda akut (kəskin) limfoblastik leykemiyalar daha çox müşahidə olunur. Sürətli arıqlama, səbəbsiz olaraq uzunmüddətli qızdırma, dəridə kiçik səpkilərin (petexilarin) əmələ gəlməsi kimi göstəricilər bu xəstəliyin xəbərçisi ola bilər. Leykoz yoluxucu və irsi xəstəlik deyil. Tam sağlam olan valideynlərin övladlarında da leykoz xəstəliyi inkişaf edə bilər”.

 

Həkim bildirir ki, xəstəlik zamanı azyaşlının bədənində göyərmiş sahələr ola bilər, qaraciyər, dalaq və limfa düyünləri böyüyə bilər: "Qanda hemoqlobin, eritrositlər, trombositlər azalır, EÇS (eritrositlərin çökmə sürəti) kəskin şəkildə artır. Qanda tam yetkin olmayan hüceyrələr (blastlar) aşkar edilir ki, onlar kəskin leykozun mütləq əlamətlərindən hesab olunur. Sağlam adamın qanında normal halda belə hüceyrələrə təsadüf edilmir. Bu halda diaqnozu dəqiqləşdirmək üçün sümük iliyinin punksiyasını etmək tələb olunur. Hazırda uşaqlarda leykoz xəstəliyi xüsusi dərman preparatları vasitəsi ilə müvəffəqiyyətlə müalicə olunur. Kurs müalicəsi uzunmüddətli olub həm valideynlərdən və həm də uşaqdan böyük diqqət və təmkin tələb edir. Dərmanla müalicə effektsiz olduğu halda sümük iliyi köçürülməsi əməliyyatına əl atırlar. Sümük iliyi köçürülməsi üçün donor (xəstə ilə bir çox parametrlərinə görə uyğun gələn sağlam şəxs) tələb olunur”.

 

Qeyd edək ki, hematoloq, uşaqlarda  Vitamin D çatışmazlığının bu xəstəliyi tətikliyə biləcəyini də vurğulayıb.

Xəbər lenti