Xəzər Xəbər

İntihara bir addım: Payızın gəlişi qorxunu artırır

Cəmiyyət | 14:53 • 14 Sentyabr 2017
İntihara bir addım:

Hər şey maraqsızdır.Dünyada sizin əhvalınızı yaxşılaşdıracaq heç bir hadisə baş vermir. Sizə elə gəlir ki, sizi heç kəs sevmir, siz heç kəsə lazım deyilsiniz. Əgər hansınızdasa belə düşüncə varsa və ya artıq yaranmağa başlayıbsa, depressiyanın astanasındasınız. Xüsusilə, də isti havaların getdikcə arxada qaldığı, payıza yaxınlaşdığımız bir dövrdə belə fikirlər sizi tez-tez narahat edirsə, hazır olun. Payız depressiyası sizi haqlaya bilər. Əgər bu düşüncələr artıq beyninizin bir küncünü "işğal edibsə”, deməli, vəziyyət düşündüyünüzdən də ciddidir. Siz dünyada milyonlarla insandan biri kimi bir bəlaya-payız depressiyasına düçar olmusunuz. Amma qorxmayın, zamanında çarə tapsanız, bu günlər arxada qalacaq.


Soyuq ölkələrdə intihar, isti ölkələrdə depressiya


Mütəxəssislər müəyyən edib ki, insanlar ən müxtəlif səbəblərdən depressiyaya düşürlər. Bu səbəblər arasında çoxlarına gülməli gələnlər də ola bilər. Məsələn, bir qrup insan evdə hörümçək torunun olmasında da depressiyaya düşə bilir. Bunu Arizonadan olan ekspertlərin apardığı genişmiqyaslı araşdırma göstərib. Amma depressiyaya düşməyin ən geniş yayılmış səbəbləri diqqətsizlik, sevgisizlik, tərkedilmə, işsizlik, xəstəlik, pulsuzluqdur ki, depressiyaya düşənlərin bir çoxu məhz bu səbəblərdən ruh halındakı dəyişikliyə məruz qalır. Ancaq bir də mütəxəssislərin "payız depressiyası” adlandırdığı hal var ki, burda artıq səbəb başqadır. Məsələn, bu depressiya əsasən isti ölkələrin sakinləri arasında qeydə alınır. Onlar isti yay günlərinin arxasından soyuq, qısa və yağışlı payızı birdən-birə qəbul edə bilmirlər. Nəticədə depressiya qaçılmaz olur. Ümumilikdə hava şəraitinin insanın özünü hiss etməsinə, əhvalına olduqca böyük təsiri var. İsti ölkələrin sakinləri daha istiqanlı, mehriban, ünsiyyətcil, problemlərə davamlı olurlar. Soyuq ölkələrin sakinlərinin bir çox hallarda dözümsüzlük nümayiş etdirdiyi hallar isti ölkələrin əhalisi üçün adi vəziyyət hesab olunur. İntihar hallarının da məhz soyuq ölkələrdə daha tez-tez baş verdiyi statistikada təsdiqlənib. Bununla müqayisədə isti ölkələrin sakinləri arasında payız depressiyası halları da müşahidə olunur.


Saralan yarpaq belə depressiyaya salır



Payız fəsli insanlara hüzn, dalğınlıq, narahatlıq gətirir. Başqa sözlə desək, depressiya özünü göstərir. Səbəb yaydan fərqli olaraq qısalmış günlər, havanın soyuq, buludlu və tutqun olması, Günəş şüalarınn düşməməsi, təbiətin rəngini dyişməsidir. Bəzi insanlar, xüsusilə, yüksək duyğuya sahib olanlar payızda ağacların saralan yarpaqlarına da üzülə və buna görə narahatlıq keçirə bilərlər. Bu isə payız depressiyasının başlanğıcı hesab edilir və əgər zamanında insan özünü toparlamasa, hətta intihara qədər apara bilər.


Hardan başlayır?


Mütəxəssislər payız depressiyasına belə tərif verib: Əhvalın dəyişkən olması, çox vaxt onun aşağı olması, müəyyən situasiyalarda insanın təfəkkürünün donması, hərəkət aktivliyinin tormozlanması ilə xarakterizə olunan psixoemosional vəziyyət. Bu vəziyyətə düşən şəxsə elə gəlir ki, onun həyatda nail olduğu heç nə yoxdur, həyatda öz yerini tapa bilmir, öz istəklərini boğur və məmnunluq hissini itirir. Hər şeydən narazılıq və narahatlıq başlayır. Və sonrakı mərhələdə belə yaşamaq ağırlaşır, insan çıxış yolu axtarır və bunu yaşamaqda görmür.


Günəş şüası azaldıqca xoşbəxtlik də azalır



Ümumiytlə, payızda insan orqanizmində də fəsli dəyişikliklə əlaqədar ciddi problemlər özünü göstərir. Xroniki xəstəliklər kəskinləşir, beldə və oynaqlarda ağrılar yaranır, baş və ürək ağrıları artır, mədə-bağırsaq sistemində problemlər yaranır. Bu, xüsusilə, şimalda gündüzlərin kəskin qısalması və orqanizmə daxil olan günəş işıqlarının azalması ilə izah olunur. Payızda günəş şüalarının azalması orqanizmdə melotonin hormonunun artmasına səbəb olur ki, bunun nəticəsində də əhval- ruhiyyə aşağı düşür.

Pəncərələri açmamaq, bayıra baxmamaq, otaqda pərdələri bərk-bərk çəkmək, qaranlıqda oturmaq, gəzməyi təxirə salmaq kimi davranışlar payız depressiyasına düşən insanın gündəlik həyatına çevrilir.

Araşdırmalar göstərir ki, bizim əhvalımızı kədərli, iş qabiliyyətimizi aşağı, davranışımızı apatik edən öz-özlüyündə təkcə havaların pisləşməsi deyil. Belə ki, Günəşdən gələn işığın azalması ilə əhvalın pozulması "bioloji saatların” pozulması nəticəsində baş verir. Depressiyadan əziyyətçəkən insanlarda minimum bədən temperaturu səhər saat 06:00-da müşahidə olunur, normalda isə bu gecə saat 03:00-da olmalıdır. Buna görə də, onlar səhərlər çətin oyanır və gecələr isə pis yatırlar. Bu insanlar 06:00-08:00 arası parlaq işıq terapiyası aldıqda nəinki onların əhvalı düzəlir, həm də bədən temperaturunun minimumu daha erkən vaxta keçir.

Deholanmelatonin hormonunun artması və nəticədə "xoşxtlik hormonu” serotoninin azalması payız depressiyasına səbəb olur. Melatonin yalnız qaranlıqda ifraz olunur və işığa qarşı çox həssasdır. Yayda gecələr qısa olduğu üçün melatonin ifrazı azaldığı halda uzun qış gecələrində onun ifrazı artır.


Kimlər daha tez depressiyaya düşür?


Bunlar fizioloji səbəblərdir.Psixoloji səbəblər də var. Belə ki, payızda günlərin qısalması insana psixoloji təsir edir.Onun həyatının getdikcə qısalmasını xatırladır.Yaşadığı zaman çərçivəsində xəyallarını, arzularını gerçəkləşdirə bilməyən insanlar özlərini uğursuz hesab edir və beləliklə də həyatlarının da sonunun gəldiyini düşünüb depressiyaya düşürlər.

Payız depressiyasının hansı qrup insanlarda daha çox müşahidə edilməsinə gəlincə, mütəxəssislər bunu da araşdırıb. Məlumdur ki, 4 tip insan var. Sanqviniklər - yüksək ruhlu, fleqmatik - ağıllı, təmkinli insanlardır. Xolerik - çoşqun, tez özündən çıxan, davakar, melanxolik - həssas, tez özünü itirən insan tipidir.Payız depressiyası ən çox melanxoliklərdə müşahidə olunur.Onlar ruhla yaşayan qrupa aiddir.Hər çey onları bir anda narahat edə, hüznləndirə bilər.Bayaq qeyd etdiyimiz kimi, hətta yarpağın saralması da bu tip insanlarda həyata baxışı dəyişir və depressiyaya sala bilir.


İntiharın bir addımlığında



Ancaq bu, o demək deyil ki, digər tip insanlar payız depressiyasına düşmür.Heç bir insan depressiyaya düşməkdən sığortalanmayıb, ancaq özünü düşdüyü bu vəziyyətdən çıxara və ya ilk əlamətləri görünən kimi onu dərhal aradan qaldıra bilər.


Depressiyaya düşməmək üçün ilk növbədə aktiv həyat tərzini davam etdirmək alzımdır.Psixoloqlar bütün hava şəraitinə baxmayaraq, həyat sürməyi məsləhət görür və günəşli gündə olduğu kimi payızın boz-tutqun havasında da gündəlik rejimə davam etməyin üstünlüyünü vurğulayır. İnsan özü depressiyaya düşdüyünü hiss etməyə bilər, ancaq ətrafdakılar bunu çox zaman daha tez hiss edir. Buna görə də depressiyanın yarada biləcəyi daha böyük fəsadlardan, intihardan qorunmaq üçün diqqətli olmaq lazımdır.

Depressiyaya düşən insana qarşı münasibət xüsusi həssaslıq tələb edir.Onun depressiyada olduğunu tez-tez xatırlatmaq olmaz, bu düşüncənin qətiyyətlə intihar mərhələsinə keçməsinə rəvac verə bilər. Həmin insana qarşı adi davranışı saxlamaqla özü də hiss etmədən həyatındakı aktivliyi bərpa etməsinə kömək göstərmək tələb olunur.


Özünüzü yoxlayın


Amma insan özü də depressiyanın kəndarında olduğunu hiss edə və özünü xilas etmək üçün tədbir görə bilər. Mütəxəssislər bunun üçün aşağıdakı testdən keçməyi tövsiyə edir.Bəllidir ki, payız depressiyasına əsasən yetkin insanlar düşür və onlar vəziyyətlərini daha düzgün qiymətləndirib özlərini qısa zamanda xilas edə bilərlər. Beləliklə:


1. Özünü kədərli və boş hiss etmək;

2. Sənə qarşı diqqətin az olduğunu hiss etmək və ətrafdan zövq almamaq;

3. Səbəbsiz çəki artımı, yaxud çəki itkisi;

4. Yuxusuzluq və ya həddən çox yatmaq;

5. Yersiz həddindən artıq hərəkətlilik və ya fəaliyyətsizlik;

6. Davamlı, səbəbsiz yorğunluq və enerji itkisi;

7. Dəyərsizlik və günah hissi

8. Düşünmə, özünü idarəetmə qüvvəsinin azalması;

9. Ölüm və intihar düşüncələri.


Əgər bunları özünüzdə müşahidə edirsinizsə, deməli, depressiya sizə də çatıb.Dərhal aktiv həyatınızı bərpa edin, kitab oxumağa, film izləməyə, sevdiyiniz insanlarla canlı ünsiyyətə bol zaman ayırın.Pis düşüncələri özünüzdən uzaqlaşdırın, sizsiz dünyanın heç də yaxşı görünməyəcəyinə inanın.Özünüzü sevin və ətrafınızda sizi sevən, sizə ehtiyacı olan insanların olduğunu düşünün.Nəticə qısa zamanda özünü göstərəcək.Depressiyadan xətasız çıxacaqsınız./cebhe.info

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar