Xəzər Xəbər

Onlar uzağı yaxşı görmür: miopiya nədir?

Cəmiyyət | 13:23 • 13 Sentyabr 2017
Onlar uzağı yaxşı görmür:
XəzərXəbər saqlamheyat.az-aistinadən oftalmoloq Fariz Sadıqovun miopiya xəstəliyi haqda məqaləsini təqdim edir.

Yaxından görmə - miopiya elə bir göz xəstəliyidir ki, təsvirin tor qişada deyil, onun önündə fokuslaşması nəticəsində uzaqda yerləşən əşyalar yayılmış və qarışıq görünür. Yaxında yerləşən əşyalara baxanda isə heç bir problem olmur: miopiyalı insan yaxından daha yaxşı görür, elə buradan da xəstəliyin adı yaranıb - yaxından görmə. Xəstəlik göz almasının forma və ölçüsü dəyişdikdə əmələ gəlir - göz, öz normal (sferik) formasını dəyişərək uzanır, ovallaşır.

Miopiyalı insanların sayı getdikcə artır. Hazırda orta məktəblərdə uşaqların 20% bu xəstəliyə düçardır, tələblər arasında isə ikiqat artıq, 40% təşkil edir.

Səbəblər

Yaxından görmənin səbəbləri müxtəlif ola bilər. İndiki zaman bir neçə əsas amil ayırırlar:

1) İrsi səbəblər: valideynlər və onların uşaqlarındakı miopiya arasında da əlaqə müəyyən edilib. Əgər hər iki valideyndə bu xəstəlik varsa, o zaman 18 yaşa çatmamış uşaqlarda xəstəliyin 50% əmələ gəlmə riski var. Əgər əksinə, hər iki valideyn yaxşı görürsə, onların uşaqlarında miopiya ən çox 10% hallarda ola bilər.

2) Yaxın məsafəli intensiv görmə yükləmələri: miopiyanın inkişafı ən çox məktəb və tələbə illərində baş verir, çünki məhz bu vaxt gözlər gərgin işləyir.

3) Yanlış korreksiya: eynək və ya kontakt linza seçərək korreksiya qaydalarına riayət etmək və yalançı miopiyanı istisna etmək lazımdır. Miopiyanın artmasının qarşısını almaq üçün eynək (və ya linza) istifadəsi qaydalarına riayət etmək, həmçinin müntəzəm olaraq görməni yoxlatmaq lazımdır.

4) Damar amilləri: bəzən miopiya gözün qan təminatı pozulduqda, müxtəlif xəstəliklər fonunda əmələ gəlir.

5) Keyfiyyətsiz qidalanma: rasionda vitaminlər və mikroelementlər olmadıqda, göz qişasının (skleranın) toxumalarının sintezi və işıq qəbulu düzgün baş vermir.

Yaxından görmənin simptomları

Yaxından görmənin əsas simptomu - uzaq görmənin zəifləməsidir: uzaqdakı əşyalar yayılmış görünürlər, dəqiq olmurlar. Bununla belə, təsvirin dəqiqliyini artırmaq üçün insan gözünü qıymağa başlayır (bundan da xəstəliyin yunan dilində adı əmələ gəlib "miopia" - "gözlərini qıyan"). Belə insanlar yaxın məsafədə yaxşı görürlər. Bundan başqa, yaxından görmənin simptomlarına yüksək görmə yorulmasını və uzun müddət gərgin işlədikdə baş ağrılarını aid etmək olar.

Yaxından görmənin diaqnostikası

Miopiyanın diaqnostikasını həkim-oftalmoloq edir. Bunun üçün ətraflı müayinə aparılır, korreksiyayla və korreksiyasız (vizometriya) görmə itiliyi müəyyən edilir və digər xüsusi müayinələr keçirilir (biomikroskopiya, oftalmoskopiya, göz dibinin baxışı və s.).

Əgər özünüzdə yaxından görmə simptomlarını aşkar etsəniz, məhz həkim-oftalmoloqa müraciət edin, optikaya deyil, çünki optikalarda məsləhət verən insanlar əksər hallarda ali təhsilli həkim (oftalmoloq, okulist) olmur və səbəbi aşkar edə bilmədiyi üçün sizə görmənizi bəlkə də qaytaracaq müalicə təyin edə bilmir. Optometristin (eynək seçimi kursları keçmiş orta tibb təhsilli insan) işlədiyi optikaya müraciət edərək, hansının ki, işi eynək seçməkdən ibarətdir, öz gözlərinizə zərər verə bilərsiniz.

Miopiyanın dərəcələri (növləri)

Pozulmaları korreksiya etmək üçün lazım olan linzaların gücündən asılı olaraq, xəstəliyin növbəti dərəcələri olur:

Zəif dərəcəli miopiya (3 dioptriyaya qədər)

Orta dərəcəli miopiya (3-6 dioptriya)

Ağır dərəcəli miopiya (6 və daha çox dioptriya)

Bundan başqa, proqressivləşən miopiya var - göz zəifləməsi sürətlə baş verərək hər il bir dioptriyadan çox miqdarda zəifləyir. Bu hal ciddi pozulmalara səbəb ola bilər və bəzən cərrahi müdaxilə tələb edir.

Ağırlaşmalar

Yaxından görmənin ağırlaşmalarına bir sıra halları aid etmək olar, hansı ki, göz almasının uzanması nəticəsində baş verir. Bu halda göz toxumalarının qidalanması pozulur, tor qişada distrofik dəyişikliklər, onun dağılması və laylanması baş verə bilər. Tor qişanın laylanması korluğa səbəb ola bilər.

Miopiyanın müalicəsi

Miopiyanın müalicəsini iki böyük hissəyə bölmək olar: korreksiya və birbaşa müalicə.

Miopiyanın korreksiyasını eynəklərlə (yumşaq, bərk və gecə), kontakt linzalarıyla və lazer üsullarla (Lasik) həyata keçirilər. Buraya həmçinin intraokulyar linzalarla (linzanı göz daxilinə yerləşdirilər) və keratotomiya ilə korreksiyanı aid etmək olar.

Hər üsulun öz müsbət və mənfi cəhətləri, göstəriş və əks göstərişləri, fəsadları var. Lakin hamısının prinsipi eynidir - gözün optik sistemi elə dəyişilməlidir ki, əşyanın təsviri tor qişaya düşsün.

Miopiyanın müalicəsi medikamentoz terapiyanı da daxil edir: həb və damcı şəklində vitaminlər, qan dövranını yaxşılaşdıran vasitələr, fizioterapevtik üsullar, göz gimnastikası.

Akkomodasiya spazmını aradan qaldırmaq üçün göz bəbəyini genişləndirən damcılardan istifadə edirlər.

Miopiyanın profilaktikası

Miopiyanın profilaktikası kompleksi olmalıdır. Oftalmoloqlar növbəti tədbirlər görməyi məsləhət görür:

1. Görmənin düzgün korreksiyası

2. Vitaminoterapiya (göz üçün lüteinli vitaminlər)

3. Görmə rejiminə riayət edilməsi

4. Göz əzələlərinin məşqi

5. Yanaşı xəstəliklərin aradan qaldırılması

6. Ümumi möhkəmləndirən prosedurlar

7. Pəhriz (karotinoidlə zəngin tərəvəzli (məsələn, kök) pəhriz)

8. Göz toxumalarında qan dövranının stimulyasiyası (dərman və fizioterapiyayla)

9. Skleranı möhkəmləndirən əməliyyatlar (skleroplastika)

Xəbər lenti