Xəzər Xəbər

Yeni dərs ili ilə əlaqədar Bakı metrosunda qatarların sayı artırılacaq

Cəmiyyət | 13:13 • 13 Sentyabr 2017
Yeni dərs ili ilə əlaqədar Bakı metrosunda qatarların sayı artırılacaq

Yeni dərs ili ilə əlaqədar Bakı metrosunda qatarların sayı artırılacaq.

XəzərXəbər xəbər verir ki, bu barədə "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

O bildirib ki, yay mövsümünün başa çatması, xüsusən yeni tədris ilinin başlanması ilə əlaqədar Bakı metropolitenində də sərnişin axınının get-gedə intensivləşməsi müşahidə olunur. Mövsümün tələbləri nəzərə alınaraq, sərnişindaşıma qabiliyyətini artıraraq qatarlardan səmərəli istifadə etmək, həmçinin sərnişinə xidmət mədəniyyətinin səviyyəsini yüksəltmək məqsədilə metropolitendə bir sıra tədbirlər görülür. Onlar arasında, ənənə üzrə, qatarların yeni hərəkət cədvəlinin tətbiqi xüsusi yer tutur.

N.Paşayevin sözlərinə görə, "Bakı Metropoliteni” QSC sədri Zaur Hüseynovun əmrinə əsasən, payız-qış mövsümünün tələbləri nəzərə alınaraq, sentyabrın 18-dən metropolitendə qatarların hərəkətinin yeniləşmiş qrafiklə tənzimlənməsinə keçiləcək. Qeyd edilən qrafikə əsasən, qatarların hərəkəti daha da sıxlaşdırılır. Hərəkət gur saatlarda 30 cüt qatar ölçülərinə uyğun təşkil edilməklə, xətlərdəki qatarların sayı artırılacaq və interval azaldılacaq. Nəticədə, "Həzi Aslanov-28 May” sahəsində qatarlar arasında interval gur saatlarda 2 dəqiqəyə endiriləcək. Bu prinsiplə gur saatlarda xətlər üzrə hərəkətin bir-birindən ayrı təşkil edildiyi "28 May-Dərnəgül” və "28 May-İçərişəhər” sahələrində qatarlar arasında interval iki dəfə çox, yəni 4 dəqiqə olacaq.

"Bu müddətdə yalnız "Bakmil” stansiyasından qatarlar xəttə daxil olduğu zaman interval "Həzi Aslanov-Ulduz” sahəsində fərqli ola bilər. Sərnişinlərin nəzərinə çatdırırıq ki, "Həzi Aslanov-28 May” sahəsində, sərnişin axınının tələbləri əsas götürülməklə, qeyri-gur saatlarda hərəkət intervalı 2,5 dəqiqə, sərnişinlərin əsaslı şəkildə azaldığı müşahidə olunan axşam saatlarından gecəyə doğru 3 dəqiqə və daha çox olur. Onu da əlavə edək ki, şənbə və bazar, eləcə də bayram günlərində fərqli hərəkət qrafiki tətbiq olunur”, - deyə N.Paşayev vurğulayıb.

Metropoliten rəsmisi qeyd edib ki, yeni qrafik 2018-ci ilin yayına qədər tətbiq ediləcək.

Məlumat üçün bildirək ki, metropolitendə hərəkət qrafiki il ərzində iki dəfə dəyişdirilir. Yay mövsümündə əhalinin istirahət məqsədilə daha çox şəhərdən kənara üz tutması, ələlxüsus tədris ilinin başa çatması ilə metropolitendə nisbətən yüngülləşdirilmiş qrafik tətbiq olunur.

Qatarların "Bakmil” stansiyasına və əksinə yeni hərəkət cədvəlləri ilə tanış olmaq üçün metro.gov.az saytının "Sərnişinlər üçün” bölməsində "Bakmil” stansiyasına (depoya) gedən qatarların hərəkət cədvəli”nə sentyabr ayının 18-dən daxil olmaq mümkündür.

Rubrikanın digər xəbərləri

Xəbər lenti