Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Xalid Əbdüləziz Al Falih: Yeni OPEC+ sazişi müddətsiz olacaq

22.10.2018 15:23

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və qeyri-OPEC ölkələri (OPEC+) tərəfindən imzalanacaq yeni razılaşma müddətsiz olacaq.

Xezerxeber.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih deyib.

O bildirib: "OPEC və qeyri-OPEC ölkələri arasındakı əməkdaşlığı davam etdirmək istəyirik. Müqaviləni müddətsiz uzatmaq niyyətindəyik. Bu anlaşmanın müddətində 2020-ci və ya 2021-ci il kimi sərhəd olmayacaq. Yeni müqaviləni dekabrın 7-də Vyanada keçiriləcək yığıncaqda imzalamaq istəyirik”.

Nazir deyib: "Neft istehsalı üzrə gələn il atılacaq addımlar hələ ki, məlum deyil. 2019-cu ildə neft istehsalının azaldılması və ya artırılması mövzusu öz qeyri-müəyyənliyini qoruyur. İnkişaf edən bazarların pul vahidlərində yaşananlar səbəbindən neft tələbatı üzərində təzyiq var. Əgər qlobal iqtisadiyyatdakı yavaşlama neftə olan tələbata təsir edərsə bazar buna öz reaksiyasını verəcək”.

"İran, Liviya, Nigeriya, Meksika və Venesuela kimi ölkələrin neft istehsalı sual altındadır. Bu ölkələrin neft hasilatı kəskin azala bilər. Digər tərəfdən, ABŞ-da şist nefti istehsalında nələrin baş verəcəyini proqnozlaşdırmaq da çətindir. Mütəxəssislərin əksəriyyəti ABŞ-ın kifayət qədər boru kəməri infrastrukturunun olmadığı və buna görə də neft istehsalını azaltmaq məcburiyyətində qalacağını deyir. Belə olan halda bütün mümkün proseslərə hazırlıqlı olmalıyıq”, - deyə o əlavə edib.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ötən il noyabrın 30-da OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində OPEC-ə üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. Cari il iyunun 23-də isə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin IV iclasında hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub. Azərbaycanın da dəstəklədiyi bu qərar iyulun 1-dən qüvvədədir.

© xezerxeber.az


98 dəfə oxunub

ÇOX OXUNANLAR