"Enerji təhlükəsizliyi tam təmin edilib" - Nazir

19.10.2018 10:22

Ölkənin iqtisadi təhlükəsizliyinin ən vacib elementlərindən olan enerji təhlükəsizliyinin təmin edilməsi çərçivəsində görülən işlər Azərbaycanın elektrik enerjisi ixracatçısı kimi də potensialını gücləndirib.

XəzərXəbər xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "Azərbaycan" qəzetində dərc olunan məqaləsində deyib.

Onun sözlərinə görə, Rusiya, Gürcüstan, Türkiyə və İranla elektrik enerjisi üzrə əməkdaşlıq formatında ixracatçı və tranzit ölkə kimi Azərbaycanın rolu artıb.

"Əgər 2006-cı ildə respublikanın daxili ehtiyaclarını tam ödəmək üçün 2,4 mlrd. kVt-s elektrik enerjisi idxal edilirdisə, 2017-ci ildə bu göstərici 107,8 mln. kVt-s-a qədər azalıb. İxrac isə əksinə, 1,282 mlrd. kVt-s-a qədər yüksəlib. Cari ilin 9 ayı ərzində 107,4 mln. kVt-s idxala qarşı 750,6 mln. kVt-s elektrik enerjisi ixrac edilib. Gürcüstana 587,9 mln. kVt-s, İrana 72,6 mln. kVt-s, Rusiyaya 76,6 mln. kVt-s, Türkiyəyə 13,45 mln. kVt-s elektrik enerjisi ixrac edilib. İdxalın həcmi Rusiyadan 59,9 mln. kVt-s, İrandan 24,4 mln. kVt-s, Gürcüstandan 23,1 mln. kVt-s olub".

Nazir qeyd edib ki, enerji təhlükəsizliyi tam təmin edilib, digər ölkələrdən enerji asılılığı aradan qaldırılıb:

"İndi Azərbaycan elektroenergetika sektorunda hər nə qədər böyük nailiyyətlər qazansa da, əsas hədəflər hələ qarşıdadır. Onlara çatmaq üçün ölkənin elektrik enerjisi sisteminin müasir standartlara uyğunlaşdırılmasını, elektroenergetika potensialından səmərəli istifadəni, elektrik enerjisi ilə təchizatın dayanıqlığını və ümumi sistemin fəaliyyətinə təhlükə yaradacaq risklərdən sığortalanmanı təmin edən kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Bu məqsədlə Azərbaycan Respublikası Energetika Nazirliyi tərəfindən beynəlxalq şirkət cəlb edilməklə cari ilin aprel-iyul aylarında elektrik stansiyalarında diaqnostika aparılıb və araşdırmalar əsasında "Azərenerji” ASC-nin generasiya güclərinin optimallaşdırılması və bərpası Proqramı” hazırlanıb. Bütün modul tipli elektrik stansiyalarını, eləcə də "Cənub”, "Şimal” və "Sumqayıt” istilik elektrik stansiyalarını əhatə edən proqram üç il müddətində həyata keçirilməlidir. Eyni zamanda, stansiyaların fəaliyyətində istifadə olunan avadanlıqların istehsalçıları ilə bağlanacaq servis müqavilələri hesabına elektrik enerjisinin istehsalı üzrə yanacaq sərfinin optimallaşdırılması nəzərdə tutulur".

© xezerxeber.az


96 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR