TANAP Türkiyədə 2 layihəyə 8,7 milyon lirə qrant ayırıb

17.10.2018 13:40

TANAP-ın Sosial və Ekoloji Sərmayə Proqramı çərçivəsində Türkiyənin Dialoq Sosial Sahibkarlıq Dərnəyi (DİSODER) və Giresun Ticarət Birjası ilə müqavilələr imzalanıb.

AZƏRTAC xəbər verir ki, TANAP DİSODER ilə imzalanan müqavilə üzrə "Əlillərin sosial həyatda aktiv iştirakının və məşğulluğunun inkişaf etdirilməsi” layihəsinə 5,9 milyon türk lirəsi yönəldəcək. Bu layihə ilə TANAP-ın keçdiyi 14 vilayətdə 3600 əlil və onların ailəsinin maarifləndirilməsi, ən azı 15 faizinin ictimai xidmətlərdə iştirakı, 5 pilot məkanda əlillər üçün lazımi avadanlıqların təmin edilməsi və iş həyatında iştiraklarının təşkili nəzərdə tutulur.

Giresun Ticarət Birjasının "Lisenziyalı depolama müəssisəsində günəş enerjisindən elektrik enerjisi istehsalı” layihəsi çərçivəsində isə çöl seqmentləri və kənd təsərrüfatı sahələrində günəş enerjisindən istifadənin həyata keçirilməsi planlaşdırılır. TANAP-ın 2,8 milyon lirə yönəldəcəyi layihə üzrə günəş enerjisindən əldə edilən elektrik enerjisi ilə illik 435 min lirə dəyərində elektrik enerjisinə qənaət olunması hədəflənir.

Xatırladaq ki, bu il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli isə planlaşdırıldığı kimi iyunun 30-da başlayıb. Layihə üzrə kapital xərcləri 8 milyard dollardır. İndiyədək TANAP layihəsinə 5,6 milyard dollar xərclənib.

TANAP boru kəməri ilə bu vaxtadək Türkiyəyə 400 milyon kubmetrdən çox Azərbaycan təbii qazı nəql olunub. Bu həcm dekabrın sonuna kimi 1 milyard kubmetrə çatacaq. TANAP-la 2019-cu il ərzində 2 milyard kubmetr, 2020-ci ildə 4 milyard kubmetr və 2021-ci ildə isə 6 milyard kubmetr Azərbaycan təbii qazı Türkiyəyə nəql ediləcək. TANAP-ın Avropaya qaz nəqlini nəzərdə tutan ikinci fazası üzrə tikinti işlərinin 97 faizi başa çatıb. Boru kəməri gələn ilin birinci yarısında "Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşmək üçün hazır olacaq.

Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və Avropaya nəql edəcək TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşəcək. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir. Kəmərin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması nəzərdə tutulur.

TANAP-ın səhmlərinin 51 faizi "Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi STEAŞ-a, 30 faizi "Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.

© xezerxeber.az


124 dəfə oxunub

ÇOX OXUNANLAR