“Tüpraş” İrandan neft idxalını azaldıb

21.07.2018 11:40

Türkiyənin əsas xam neft idxalçısı olan "Tüpraş” holdinqi İrandan neft tədarükünü azaldıb.

Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, ABŞ-ın İrana sanksiyalar tətbiq edəcəyini açıqladığı may ayından etibarən "Tüpraş”ın İrandan neft idxalı azalıb.

Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatının (EPDK) məlumatına görə, "Tüpraş” cari ilin ilk dörd ayında İrandan gündəlik 187 min 196 barrel xam neft idxal edib. "Tüpraş” təkcə aprel ayında isə İrandan sutkalıq 240 min barreldən bir az çox neft idxalı həyata keçirib.

May ayında etibarən "Tüpraş”ın İrandan xam neft idxalı isə azalıb. May və iyun aylarında şirkətin İrandan neft idxalı gündəlik 130 min barrel olub. "Tüpraş” iyul ayında İrandan sutkada təxminən 100 min barrel xam neft alıb.

Analitiklərin fikrincə, "Tüpraş”ın İrandan neft tədarükü bu səviyyələrdə davam edəcək.

Xatırladaq ki, ABŞ müttəfiq ölkələr və şirkətlərdən bu il noyabrın 4-dək İrandan neft idxalını dayandırmağı istəyib. ABŞ-dan bir heyətin Orta Şərqdə fərqli ölkələrə səfər edərək İran neftinə yönələn sanksiya qərarına dair danışıqlar aparması gözlənilir. Lakin ABŞ İrandan neft idxalına qarşı sanksiyalarda bəzi ölkələrə güzəşt tətbiq etməyi də nəzərdən keçirəcək.

Ekspertlər hesab edir ki, sanksiyalar nəticəsində İranın neft ixracı hazırkı həcmin üçdəikisi səviyyəsində azalaraq gündəlik 700 min barrelə düşəcək.

© xezerxeber.az


144 dəfə oxunub

ÇOX OXUNANLAR