Azərbaycan və Səudiyyə Ərəbistanı işçi qrup yaradır

16.01.2018 15:40

Azərbaycan və Səudiyyə Ərəbistanının enerji əməkdaşlığının inkişaf etdirilməsi məqsədilə iki ölkənin müvafiq nazirlikləri arasında işçi qrup yaradılacaq.

Energetika Nazirliyindən xezerxeber.az-a bildirilib ki, Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyətini bu ölkənin Kralı Salman bin Əbdüləziz Al Səud qəbul edib. Qəbula görə təşəkkürünü bildirən nazir Azərbaycan Prezidenti İlham Əliyevin Krala ünvanlanmış məktubunu təqdim edib. Səudiyyə Ərəbistanının Kralı Prezident İlham Əliyevlə səmimi münasibətlərindən məmnunluğunu bildirib və Azərbaycanın dövlət başçısına onun salamlarını çatdırmağı xahiş edib.

Söhbət zamanı Azərbaycanla Səudiyyə Ərəbistanı arasında çoxəsrlik tarixi və mədəni köklərə malik olan əlaqələrin mövcud səviyyəsi yüksək qiymətləndirilib. Qarşılıqlı hörmətə əsaslanan münasibətlərin bütün sahələrdə əməkdaşlıq üçün möhkəm zəmin yaratdığı qeyd edilib. Hər iki ölkənin əməkdaşlığın müxtəlif sahələrində, o cümlədən enerji sahəsində genişləndirilməsində maraqlı olduğu bildirilib.

P.Şahbazov Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih ilə də görüşüb. Enerji əməkdaşlığının inkişaf etdirilməsi məqsədilə iki ölkənin müvafiq nazirlikləri arasında işçi qrupunun yaradılması ilə bağlı Səudiyyə Ərəbistanının Energetika, Sənaye və Təbii Sərvətlər Nazirliyinin irəli sürdüyü təklif Azərbaycan tərəfindən müsbət qarşılanaraq qəbul edilib.

Qeyd edilib ki, gələcəkdə enerji sahəsində layihələrin müzakirəsi və reallaşdırılması ilə bağlı məsələlərin həllində belə bir işçi qrupun fəaliyyəti mühüm rol oynayacaq. Səudiyyəli nazir enerji sahəsində birgə fəaliyyətin gücləndirilməsini təmin edəcək daha bir yenilik barəsində məlumat verib. Onun sözlərinə görə, yaxın vaxtlarda Azərbaycanda "Saudi Aramco” şirkətinin nümayəndəliyi fəaliyyətə başlayacaq.

Görüşdə, həmçinin neftin qiymətinin sabitləşməsi prosesində birgə mövqedən çıxış edilməsi və ölkəmizin öhdəliyinə sadiqliyi mühüm məqamlar kimi vurğulanıb. Bildirilib ki, neft bazarının sabitliyinin davamlılığı hasilatın tənzimlənməsinin uzunmüddətli olmasını tələb edir.

Nümayəndə heyətinin səfər proqramına "Saudi Aramco” şirkətinin baş icraçı direktoru Amin Al Nasser ilə görüş də daxil olub. Görüşdə SOCAR-la enerji sektorunda əməkdaşlığın dərinləşdirilməsi, hər iki şirkətin iştirakı ilə bir sıra ölkələrdə birgə layihələrin həyata keçirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyəti "Mədən” neft-kimya şirkətinin baş icraçı direktoru Xalid Əl-Mudafier ilə də görüşüb.

P.Şahbazovun Səudiyyə Ərəbistanının maliyyə naziri Məhəmməd əl-Cadan ilə baş tutan görüşündə isə Bakının "Ekspo 2025” Sərgisinə namizəd şəhər olması və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Bundan başqa, Səudiyyə Ərəbistanında səfərdə olan ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə katibinin müavini Dan Brouillette ilə də görüş keçirilib. Görüşdə iki ölkənin müvafiq qurumları arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.

Səfər çərçivəsində nazir Səudiyyə Ərəbistanında neft-kimya və neft emalı sahələrində fəaliyyət göstərən istehsalat komplekslərinə də baş çəkib. Kimya məhsullarının istehsalı, satışı və paylanması ilə məşğul olan Səudiyyə Ərəbistanının Əsas Sənaye Korporasiyasında (SABIC) olan nümayəndə heyətinə bu nəhəng sənaye kompleksinin fəaliyyəti barədə geniş məlumat verilib. Kimya Şirkəti (SADARA), Neft Emalı və Neft-kimya zavodu (SATORP) və bu müəssisələrin istehsal gücləri haqqında təqdimatlar dinlənilib.

Energetika naziri, həmçinin "Saudi Aramco” şirkətinin Dahranda yerləşən Neft Təchizatını Planlaşdırma və Proqnozlaşdırma (OSPAS), Geoloji Kəşfiyyat və Neft Mühəndisliyi (EXPEC), Kəşfiyyat və hasilat üzrə Peşəkar İnkişaf (UPDC) mərkəzləri ilə də tanış olub, onların fəaliyyət istiqamətləri ilə maraqlanıb.

Səfər zamanı ən böyük neft yataqlarından olan "Manifa” neft yatağına da baxış keçirilib.

Qeyd edək ki, energetika naziri Pərviz Şahbazovu Səudiyyə Ərəbistanına səfərində Azərbaycanın bu ölkədəki səfiri Rasim Rzayev, energetika nazirinin müşaviri Zaur Məmmədov və SOCAR-ın prezidentinin müşaviri Murad Heydərov müşayiət edib.

© xezerxeber.az

FOTOQALERIYA






258 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR