Fermer 100 tona yaxın məhsulu olan alma bağını məhv edir - SƏBƏB - VİDEO

17.10.2018 20:02

Traktor üzəri alma ilə dolu olan ağacları bir-bir aşırır. Buna səbəb yaşı 15-20 il olan bu ağacları yetişdirən fermerin almanın ucuz satılmasına etiraz etməsidir.

Xezerxeber.az bildirir ki, söhbət Xaçmaz rayonunun Arzu kəndindən gedir. Fermer Nazim Məmmədovun bu addımı almanın satış qiymətinin onun maya dəyərini ödəmədiyindən atdığını bildirir. Nazim Məmmədov bu üsulla 10 hektarlıq bağı məhv edəcəyini bildirir. Üstəlik, ağacların üzərində 100 tona yaxın məhsulun olduğu ehtimal edilir.

Nazim Məmmədovun sözlərinə görə, almanı ağacdan dərmək də sərf eləmir. Çünki yığım üçün əlavə xərc çəkilir ki, alma bu qiymətdən də ucuz satılır.

Ağacların məhv edilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sözçüsü İradə İbrahimova açıqlmasında bildirib ki, bağı fermerin özü saldığından onun məhv edilməsində də heç bir hüquqazid hərəkət yoxdur.

Ekspertlər isə bu addımın nə mənəvi, nə də iqtisadi baxımdan düzgün olmadığını bildirirlər. Çünki belə bir bağın salınması üçün uzun illər vaxt lazımdır və keçici problemlərə görə bağın məhv edilməsi düzgün deyil. Sahibkar müxtəlif üsullarla məhsulunu dəyərləndirə bilər.

Kənd Təsərrüfatı Nazirliyindən isə bildirilir ki, hazırda alma mövsümüdür və liberal iqtisadiyyat olduğundan qiymətlərin suni yolla artırılması mümkün deyil. Amma fermer Aqrar Ticarət Mərkəzinə müraciət edərək yeni bazarların tapılması üçün təmənnasız dövlət xidmətindən istifadə edə bilər. Eyni zamanda, bu məhsulların konservləşdirilməsi də mümkündür.

''Ərzaq Məhsullarının Tədarükü və Təchizatı'' ASC-nin sözçüsü Nicat Nəsirlinin açıqlamasına görə isə, sabah həmin təssərüfata baş çəkiləcək və problem yerində araşdırılacaq. Əgər uyğun olarsa bütün məhsul fermerdən satın alına bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az


1649 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR