Rusiyadan "İl-20" təyyarəsinin vurulmasına qarşı cavab zərbəsi gəldi

20.09.2018 15:08

Suriyanın Şərqi Aralıq dənizi sahilləri hava və dəniz nəqliyyatına bağlanıb

Rusiya Aralıq dənizinin Suriya sahillərini hava və dəniz nəqliyyatına bağlayıb. Suriyada Rusiyaya məxsus "İl-20" təyyarəsinin qəzaya uğramasından sonra Yaxın Şərqdə tarazlıqlar dəyişir.

Suriya rejim qüvvələrinin atdığı raketlə vurulan təyyarə üçün İsraili günahlandıran Rusiya Aralıq dənizi sahilində hərbi mövcudluğunu gücləndirir. Moskva rəhbərliyi Suriya sahillərini hava və dəniz nəqliyyatının üzünə bağlayıb.

Rusiyanın bu addımını İsrail rəsmiləri də təsdiqləyib. Bu gündən başlayaraq gələn həftənin çərşənbə gününədək bölgədə heç bir təyyarə və gəmi hərəkət edə bilməyəcək.

Rusiya prezidenti Vladimir Putin 15 əsgərin öldüyü hadisə ilə bağlı verdiyi açıqlamada Suriyadakı hərbi qüvvələrin təhlükəsizliyi üçün yeni tədbirlər görəcəyini bildirmişdi.

Qeyd edək ki, Suriyanın Xmeymim əyalətində yerləşən Rusiya hərbi bazasının komandanlığı sentyabrın 18-i 00:00 radələrində Hava-Kosmik Qüvvələrinin "İl-20" təyyarəsi ilə əlaqəni itirib. Ekipajla əlaqə Aralıq dənizində, Suriya sahillərindən 35 kilometr aralıda itib.

Rusiya Müdafiə Nazirliyi qeyd edib ki, "İl-20" təyyarəsi İsrailə məxsus 4 ədəd "F-16" qırıcısının Suriyanın Latakiya bölgəsində uçuşlar həyata keçirdiyi zaman yoxa çıxıb.

Rəsmi Moskva hadisənin İsrailin məsuliyyətsiz davranışı və təhlükəli vəziyyət yaratması ucbatından baş verdiyini bəyan edir. İsrail tərəfi isə təyyarənin Suriyaya məxsus raket tərəfindən vurulduğunu iddia edir. Hadisə Moskva ilə Təl-Əviv arasında diplomatik gərginlik yaradıb./Sputnik Azərbaycan

© xezerxeber.az


1102 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR