17 yaşlı oğlanın ata qatili olmasının TƏFƏRRÜATI

17.09.2018 16:56

Göygöl rayonun Yeni Qızılca kəndində dəhşətli qətl törədilib. Belə ki, kənddə yaşayan Daşkəsən rayon sakini, 2001-ci il təvəllüdlü Eşqin Ramil oğlu Quluyev atası, 1980-ci il təvəllüdlü Ramil İsa oğlu Quluyevə balta və bıçaqla xəsarət yetirərək onu öldürüb.

Xezerxeber.az-ın məlumatına görə, Yeni Qızılca kənd icra nümayəndəsi Saleh Babayev Moder.az-a bildirib ki, hadisə ailə münaqişəsi zəminində baş verib:
"Eşqin olduqca ağıllı, tərbiyəli uşaq idi. Bu il 11-ci sinfə keçirdi. Onun bu əməli törətməsilə hansısa çatışmazlıqları olduğunu düşünməyin. Təbii ki, cinayətinə haqq qazandırmıram. Amma bu cinayəti törətməyə vadar edən səbbələri olub. Mərhum atası olduqca aqressiv biri idi. Düzdür, içki aludəçisi deyildi, amma vaxtaşırı içirdi. Ekspertizadan sonra bilinəcək hadisə vaxtı Ramil içkili olub, yoxsa yox. Bundan başqa, evdə tez-tez dava salırdı, həyat yoldaşını çox döyürdü, ona qarşı amansız idi. Bunu bütün kənddə hamı bilirdi. Çünki hadisə dəfələrlə təkrarlanmışdı. Buna görə də, Eşqin atasını öldürdü”.
Kənd nümayəndəsi qeyd edib ki, sözügedən ailənin üzvləri Daşkəsən qeydiyyatlıdırlar:
"Amma bizim kənddə torpaq alıb ev tikmişdilər. Burada yaşayırdılar. Eşqin Quluyev hadisə yerindən qaçmamışdı. Polislər gələndə də özü qətli törətdiyini deyib və təslim olub”.
S.Babayevin sözlərinə görə, mərhum artıq dəfn edilib:
"Onu Daşkəsəndə dəfn ediblər. Qadının vəziyyəti çox ağırdır. Nə qədər əzazil olsa da yoldaşı ölüb, oğlu da tutulub. Ailənin Eşqindən başqa bir qız övladı da var. Onu da deyim ki, bütün olanların səbəbkarı mərhum Ramil özü oldu. Qadının heç bir günahı yoxdur. Hamı bilir ki, oğul da, anası da necə insanlardır”.
Qeyd edək ki, faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

© xezerxeber.az


1013 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR