Dostu sevgilisi ilə əlbir olub... - Qubada TÜKLƏRİ BİZ-BİZ EDƏN HADİSƏ

18.04.2018 13:47

Quba rayonunda uşaqlıq dostunu qətlə yetirməkdə ittiham olunan Eşqin Rəsulov və ona bu qətli törətməkdə kömək edən Ramella Əlmuradovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

XəzərXəbər-in məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən təqsirləndirilən şəxslər elan olunmuş ittiham üzrə özlərini təqsirli biliblər.

Təqsirləndirilən Eşqin Rəsulov deyib ki, Anar Balayevi söyüş söydüyü üçün vurub: "Onu öldürmək niyyətim olmayıb. Həmin vaxt qumar oynayırdıq. Anar heç bir səbəb olmadan var-yox söyüşü işlətdi. Onun bu sözlərini götürə bilmədim. İstəməzdim belə hadisə baş versin”.

Eşqin Rəsulovun sözlərinə görə, qumar oynamamışdan əvvəl spirtli içki qəbul ediblər: "Sonra Anar kar çıxartdı ki, bir əl poker oyanayaq. Oyun zamanı onun pulunu uddum. Uduzduğu üçün söyüş söyməyə başladı. Mən də ona yumruq vurdum. Başı dəydi, yerə öldü. Sonra hadisə ilə bağlı polisə məlumat verdim”.

Mərhumun yoldaşı Lalə Balayeva bildirib ki, ərini çağırıb, əl-ayağını bağlayaraq öldürüblər: "Ən ağır cəza verilməsini istəyirəm. Üç azyaşlı uşağım var, onlar atalarını istəyirlər. İşləyib pul qazanan da tək yoldaşım idi. Eşqin də arada bizə içməyə gəlirdi, amma sonra mən qoymadım”.

İttihama görə, qətl hadisəsi ötən ilin noyabrında Quba rayonu Alpan kəndində baş verib. Eşqin Rəsulov uşaqlıq dostu Anar Balayevi qeyri-rəsmi yaşadığı Ramella Əlmuradovanın evinə çağırıb.

Onlar birlikdə spirtli içki içiblər. Daha sonra dostlar qumar oynamağa başlayıblar. Qumar zamanı Anar Balayev Eşqin Rəsulovu təhqir edib. Bu zaman Eşqin Rəsulov Anar Balayevi yerə yıxaraq yumruq təpik zərbələri vurmağa başlayıb. Ciddi müqavimət görən Eşqin Rəsulov Ramelladan dostunun əl qolunu bağlamaq üçün ip istəyib.

Ramella Əlmuradova da ipi gətirərək Anar Balayevin əl-qolunu bağlayıb. Daha sonra Eşqin Rəsulov köməksiz vəziyyətdə qalan Anar Balayevə yumruq-təpik vuraraq onu öldürüb.

Eşqin Rəsulov ilkin ifadəsində bildirib ki, Anar Balayevi onun sevgilisini zorlamaq istədiyi üçün qətlə yetirib.

Amma istintaq zamanı aparılan araşdırmalar zamanı qətlin namus üstündə yox, qumar üstündə baş verdiyi müəyyən edilib.

Hər iki təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib./publika.az

© xezerxeber.az


708 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR