Müharibə BAŞLAYIR? - Ərazilərin qaytarılması üçün PLAN HAZIRLANDI

18.04.2018 13:10

Ukrayna ilə ABŞ rəsmiləri Krım və Donbasın Kiyevin nəzarətinə qaytarılması planını müzakirə ediblər.

"Obozrevatel" nəşri xəbər verir ki, plan Ukraynanın daxili işlər naziri Arsen Avakovla ABŞ-ın dövlət katibinin müavini Uess Mitçelin görüşündə müzakirə olunub.

Tərəflər planın həyata keçirilməsi istiqamətində atılacaq addımlar barədə fikirlərini ifadə ediblər. Görüşdə həmçinin, Krım və Donbasda təhlükə yaradan mövcud mütəşəkkil cinayətkarlıq, eləcə də kriminal qruplaşmalara qarşı mübarizə yolları barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Krım 2014-cü ilin martında Rusiya tərəfindən ilhaq edilib. Kiyevdə hakimiyyət dəyişikliyindən sonra isə Donetsk və Luqansk vilayətlərində separatçılarla Ukrayna təhlükəsizlik gücləri arasında qarşıdurmalar başlayıb. Nəticədə, Rusiyanın dəstəklədiyi separatçılar Luqansk və Donetsk vilayətlərinin bir hissəsi üzərində nəzarəti təmin edə biliblər.

Rusiya Krım məsələsini "bitmiş" hesab edir. Donbasın Ukraynanın nəzarətinə qaytarılmasına gəlincə, Moskva Kiyevin separatçılarla birbaşa danışıqlara girməsini və bölgəyə xüsusi statusun verilməsini tələb edir. Rusiya həmçinin, özünü münaqişə tərəfi hesab edir. Amma Ukrayna Ali Radasının qəbul etdiyi "Donbasın reinteqrasiyası haqqında qanunda" Rusiya "işğalçı" kimi təqdim edilib./publika.az

© xezerxeber.az


1779 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR