Şəkidə və Göygöldə ağır yol qəzası: 4 nəfər ölüb, yaralılar var - VİDEO

20.03.2018 20:51

Dünən də qəzasız ötüşməyib. Bölgələrdə ölümlə nəticələnən ağır yol qəza hadisələri baş verib. Şəkidə və Göygöldə baş verən qəzalarda 4 nəfər ölüb, Goranboyda isə avtobus yolu keçmək istəyən piyadanı vuraraq öldürüb. Hər 3 hadisə isə bağlı araşdırma aparılır.

İdarəetməni itirən sürücü ağaca çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Hadisə dünən gecə - saat 23 radələrində Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Şəki rayonu ərazisindən keçən hissəsində baş verib. Allahverdi Mustafayevin idarə etdiyi minik avtomobili hərəkətdə olarkən idarəetmənin itirilməsi səbəbindən yolun kənarındakı ağaca çırpılıb. Daha sonra maşın yaxınlıqdan keçən qaz xəttinə dəyərək xətti qırıb.

Qəza nəticəsində Şəkinin Kiçik Dəhnə kənd sakinləri - Adəm Adıgözəlov və Murad Həşimov ölüblər. Hər iki şəxsin cəsədi hadisə yerinə çağırılmış Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qəza zamanı xəsarət alan daha üç nəfər - 29 yaşlı Pərviz Cəmilov, 52 yaşlı Laçın Adamov və 35 yaşlı sürücü Allahverdi Mustavayev isə Şəki Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Yaralılardan Pərviz Cəmilovun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Digər yaralıların xəsarətləri yüngül olduğundan onlara xəstəxanada ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərtilə evə buraxılıblar.

Göygöldə də minik avtomobili maneəyə çırpılıb, 2 nəfər ölüb. Hadisə yerinə Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə zamanı ölən Moldova vətəndaşı, 1988-ci il təvəllüdlü İvan Codrean adlı şəxsin cəsədi xilasedicilər tərəfindən deformasiyaya uğramış avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Avtomobildə olan digər vətəndaş xilasedicilər hadisə yerinə çatanadək xəstəxanaya aparılıb və orada dünyasını dəyişib.

Goranboyda isə 52 yaşlı piyadanı avtobus vuraraq öldürüb. Hadisə Bakı-Qazax avtomagistralının Goranboydan keçən hissəsində baş verib. Yolu keçmək istəyən Naftalan şəhər sakini Suliddin Şərifovu hərəkətdə olan sərnişin avtobusu vurub. Ağır bədən xəsarətləri alan 52 yaşlı piyada hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, avtobus Bakıdan Gədəbəyə sərnişin daşıyırmış. Hər 3 faktla faktla bağlı araşdırma aparılır.


© xezerxeber.az


847 dəfə oxunub

ÇOX OXUNANLAR