Dekabrda dollar bahalaşacaq? - Ekspert rəyi

22.11.2017 13:06

"Qonşu ölkələrdə yenidən dolların milli valyutalara təzyiqinin artması müşahidə edilir. Bir sıra Qərb dövlətləri ilə münasibətləri pisləşən Türkiyədə artıq 1 dollar almaq üçün 4 lirəyə yaxın pul ödəmək lazımdır. Yalnız son 1 ay ərzində lirə dollara nisbətən 8 faizdən çox dəyər itirib”.

XəzərXəbər xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Ekspert bildirib ki, Rusiyada rubl hələlik dollar təzyiqlərinə davam gətirsə də, son 1 ayda rupulunun kursu dollara nisbətən 4 faizə yaxın geriləyib:

"Digər qonşumuz Gürcüstanda isə lari qeyd edilən dövrdə 3 faizə yaxın dəyərsizləşib. Türkiyə və Rusiyada milli valyutaların məzənnəsinin dəyişməsi manata birbaşa olmasa da, dolayı təsir edir. Söhbət həm iqtisadi, həm də psixoloji təsirlərdən gedir. Belə ki, bu ilin 9 ayında 1.07 milyard dollarlıq qeyri-neft ixracatımızın 223 milyon dolları Türkiyənin payına düşür. Türkiyə qeyri-neft ixracatımızda 336 milyon dollar paya malik olan Rusiyadan sonra ikincidir. Azərbaycanla Türkiyə arasında illik ticarət dövriyyəsi isə 2 milyard 315 milyon dollardır. Bu, ümumi ticarət dövriyyəmizin 13 faizindən çoxu deməkdir. Rusiya ilə ticarət dövriyyəmiz 2.05 milyard dollardır. Bu isə o deməkdir ki, sözügedən iki ölkə Azərbaycanın xarici ticarət dövriyyəsinin ¼-ni formalaşdırırlar. Bu isə kifayət qədər ciddi rəqəmdir”.

V.Bayramov qeyd edib ki, qonşularımızda milli valyutaların dəyərsizləşməsi prosesi davam edirsə, həmin ölkələr ilə qeyri-neft ixracatımıza təsirsiz ötüşməyəcək: "Çünki həmin ölkələrdə idxal məhsullarının bahalaşması müşahidə ediləcək ki, bu da qeyri-neft məhsullarımızın sözügedən dövlətlərin bazarlarında rəqabət imkanlarını məhdudlaşdıra bilər. Bütün bunlar fonunda öncədən proqnozlaşdırdığımız kimi, dekabrda dollara tələbin artacağı gözlənilir. Bu dövlət və yerli müəssisələrin və eləcə də bankların xarici borc öhdəlikləri üçün cari maliyyə ilində son ayın olması, idxalın artması, bayramlar ilə bağlı olaraq xarici səfərlərin çoxalması, o cümlədən FED-in qərarı kimi xarici faktorlar ilə əlaqədardır. Buna görə də, qonşu ölkələrdə milli valyutalara olan təzyiq və dekabrda gözlənilən tələb artımı kontekstində Azərbaycan Mərkəzi Bank növbəti aya indidən hazırlaşmalıdır”.

© xezerxeber.az


1444 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR