Alimlərdən QORXUNC HAVA XƏBƏRDARLIĞI: payız və yaz fəsli olmayacaq

24.09.2017 13:05

Tezliklə Yer kürəsində kəskin soyuqlaşmalar başlanacaq. Bununla bağlı NASA alimləri proqnoz verib. Alimlərin açıqlamasında görə Yer kürəsində havaların kəskin soyuması prosesi 2030-cu ildən başlanacaq. Planetimizdə mövcud olan hərarətin 60 faizinin yox olması nəticəsində Yer kürəsinin hər yerində "mini buzlaşma dövrü” yaşanacaq. 2030 - 2040-cı illərdə Yer kürəsi son 300 ilin ən soyuq günlərini yaşayacaq.

Alimlər həmçinin ilin fəsillərində də dəyişikliyin olacağını, yaz və payızın ləğv olacağını bəyan ediblər. Bu il isə ölkəmizdə sentyabrın avqust ayı kimi isti keçməsi isə yaxın aylarda havanın kəskin dəyişəcəyi ilə bağlı iddiaları gündəmə gətirir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Təbliğat şöbəsinin müdiri İsa Əliyev isə Publika.az-a açıqlamasında soyuqlaşma yox, gözlənilən qlobal istiləşmənin bütün bəşəriyyəti çox ciddi təhdid etdiyini deyib.

Onun sözlərinə görə, dünya birliyi qlobal iqlim sistemindəki bu dəyişmələrin qarşısını almaq və ya heç olmasa azaltmaq üçün yollar aramaqdadır. O, bunu sənayeləşmə dövrü başlayandan bəri (1750) Yer atmosferində istixana effekti yaradan qazların miqdarının ildən-ilə artması ilə əlaqələndirib.

İ.Əliyev dünyada eləcə də ölkəmizdə buzlaşmanın proqnozlaşdırılmasının yanlış və heç bir məntiqi əsası olmayan məlumat olduğunu vurğulayır: "Hələ ki, hər iki qütbdə də buzlar yenicə əriməyə başlayıb. Bu isə qlobal iqlim dəyişmələrinin nəticəsində baş verməkdədir. Lakin qütblərdə buzlaqların mövcudluğu kəskin temperatur amplitudası nəticəsində, böyük təzyiq fərqi yaranır ki, bu da soyuq hava kütlələrinin daha sürətlə isti ərazilərə daxil olmasına münbit şərait yaradır və nisbətən isti iqlimə xas ərazilərdə qısamüddətli soyuqlar ola və qar yağa bilər. Lakin ümumi tendensiya istiləşməyə doğrudur və belə anomal halların olması mümkündür. Hətta keçən il Ərəbistan Yarımadasında qar yağması da bunun nəticəsidir. Məsələn, ölkəmizdə uzun müddətli istilər səbəbindən təzyiq düşə bilir, bu zaman şimalla temperaturda çox kəskin fərq yarandığı halda sürətli soyuq hava dalğası daxil ola bilir. Lakin bu müəyyən zaman çərçivəsində olur, bütün bunlar istiləşməni fonunda baş verir və ümumi tendensiya istiləşməyə doğrudur”.

İ.Əliyev gələcəkdə buzlaşma yox, quraqlıqların artması, daşqınların, sellərin, istilik stresslərinin həm gücünün, həm tezliklərinin daha da artacağının gözlənildiyini deyib: "Bu da kənd təsərüfatı, su təsərrüfatı, meşə və digər daha kövrək sektorlarda böyük itkilərlə müşaiyət olunacaq və artıq biz bunun işartılarını görməkdəyik. Buzlaqlar əridiyindən dəniz səviyyəsinin qalxması gözlənilir. Aprel ayından bu vaxta qədər Abşeron yarımadasında, eləcə də bir sıra kənd təsərrüfatı rayonlarında quraq hava müşahidə edilir. Bunlar bizi gələcəkdə gözləyən halların bir qismidir. Bu gün dünya qlobal istiləşmədən danışır. Yalnız bəzi ekspertlər qlobal buzlaşma haqqında iddialar irəli sürür. Bu fikirlər ictimaiyyəti və bəzən də qərar qəbul eləyən şəxsləri çaşdırır. Çünki biz sel, daşqın, yanğın və quraqlığa hazırlıqlaşmalıyıq. Artıq ölkəmizdə qlobal istiləşmə ilə bağlı adaptasiya planı üzərində iş gedir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin koordinasiyası ilə istiləşmə zamanı itkiləri minimuma endirmək üçün Milli fəaliyyət planı hazırlanır”.

Yaz və payız fəsillərinin sıradan çıxmasına gəldikdə İ.Əliyev bu fikirlə tam razılaşmasa da, fəsillərin müddətində dəyişikliyin olduğunu bildirir: "Yayın ömrü uzanır. Qışın ömrü isə getdikcə qısalır. Oktyabrda havanın kəskin soyumasını proqnozlaşdırmaq isə doğru deyil. Son 100 ildə Azərbaycanda temperatur təxminən 1 dərəcəyə yaxın artıbsa, Tundrada 4-5 dərəcə artıb. İqlim dəyişmələrinin əsas xüsusiyyəti soyuq fəsillərin, soyuq bölgələrin isti ərazilərə nisbətən daha çox qızmasıdır. Yəni soyuq aylar daha çox istiləşəcək. İqlim sistemi qeyri-xətti proses olduğundan iqlimə bağlı proqnoz vermək çox çətindir. Bunu müxtəlif iqlim ssenariləri əsasında etmək olar ki, bu da bir neçə variantdan biri ola bilər. (100 mümkün variantdan biri) Bu baxımdan bu il qışın soyuq keçəcəyini demək professional yanaşma deyil. Qışda Azərbaycanda hava isti keçsə, təzyiq aşağı endiyi halda şimaldan soyuq dalğa daxil ola və güclü qar yağa bilər. Bu da qış mövsümü ərzində bir ya da iki dəfə ola bilər. Ancaq bu yalnız fərziyyədir. Dünyada elmin indiki inkişafı hələlik iqlimə tam proqnoz verməyə imkan vermir”.

Çaylarda su 50 faiz azalacaq

Coğrafiya elmləri namizədi, Su ehtiyatları üzrə mütəxəssis Rafiq Verdiyev iqlimdə dəyişmə tendensiyasının müşahidə edildiyini bildirib. Onun sözlərinə görə, son illər su ehtiyatlarında azalma müşahidə edilir, yayda çayları qidalandıran su da azalmağa başlayıb.

"Son 20-30 ildəki su ehtiyatları, temperaturu ilə bağlı məlumatları təhlil edəndən sonra il boyu havanın temperaturunun 1-1.5 dərəcə artdığını müəyyən etdik. Bu artım çaylarda suyun azalmasına səbəb olub. Bu tendensiya hər il müşahidə edilir. Bu da iqlim dəyişmələri və istiləşmənin müşahidə edildiyini deməyə əsas verir. Yaxın 50-100 ilə qədər iqlimdə baş verəcək dəyişikliklərlə bağlı proqnozlarda antorpogen amillərlə bağlı olduğu bildirilir. Sənaye bu cür inkişaf etsə, 50 ilə bu temperatur 3-4 dərəcə artacaq. Temperaturun bu cür artımı çaylarda suyun səviyyəsinin 50 faiz azalmasına səbəb olacaq, su ehtiyatlarımız tükənəcək”.

Onun sözlərinə görə, qlobal soyuqlaşma ilə bağlı fikirlər isə sadəcə ayrı-ayrı alimlərin iddialarıdır, bununla bağlı elmi araşdırma yoxdur: "Bəzi illərdə qış indikindən soyuq, yay isə isti ola bilər. Lakin bu daimi proses deyil. Son 20-30 ilin bütün fəsillərdə temperaturun artması müşahidə edilir. Bu artımın davam edəcəyi proqnozlaşdırılır. Ona görə də qlobal soyuqlaşma ilə bağlı ciddi arqument yoxdur. Bununla yanaşı yay fəslinin müddəti uzana, 5 ay ola bilər. Lakin birbaşa qış fəsli ilə arada bir keçid olmalıdır. Yaz və payızın isə keçid fəsilləri kimi müddəti azala bilər. Qış fəslində müəyyən istiləşmə müşahidə ediləcək. Lakin qışın da tamamilə sıradan çıxması da doğru fikir deyil”.

© xezerxeber.az


2227 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR