“Bakı-2018”: Cüdo üzrə dünya çempionatının püşkü atılıb

19.09.2018 15:46

Sentyabrın 19-da Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb.

Xezerxeber.az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer, qurumun vitse-prezidenti Sergey Soloveyçik, idman direktoru Vladimir Barta, hakimlər üzrə direktor Xuan Karlos Barkos, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli, təşkilatın baş katibi Elmar Babanlı, Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Zaur Mütəllimov, olimpiya çempionu Nazim Hüseynov və iştirakçı ölkələrin nümayəndələri tədbirdə iştirak ediblər.

Əvvəlcə IJF-nin Bakıda təşkil olunacaq yarışla bağlı hazırladığı videoçarxı təqdim olunub.

Daha sonra M.Vizer çıxış edərək gözəl təşkilatçılığa görə Azərbaycan Cüdo Federasiyasına (ACF) təşəkkür edib. O deyib: "Ən yaxşı və güclü olan qalib gəlsin. İdmançılara uğurlar arzulayıram. Bakıda ən yaxşı dünya çempionatlarından biri keçiriləcək”.

S.Soloveyçik də təşkilatçılıqdan məmnunluğunu ifadə edib: "Sizi Bakıdakı dünya çempionatında salamlayıram. Gözəl təşkilatçılığa görə ACF-in prezidenti Rövnəq Abdullayevə təşəkkür edirəm. Hər şey çox yüksək səviyyədədir”.

E.Babanlı isə çıxışında cüdo üzrə dünya çempionatının Azərbaycan üçün təkcə yarış yox, həm də tarix olduğunu söyləyib. O, mundial iştirakçılarına uğurlar arzulayıb.

Ardınca kompyuter vasitəsilə 460 kişi və 298 qadın cüdoçunun qatılacağı dünya çempionatının püşkü atılıb. Püşk zamanı hər çəki dərəcəsində reytinqdə ilk "8-lik”də yer alan idmançılar fərqli qruplara paylanıblar. Rəqiblər isə avtomatik olaraq müəyyənləşib.

Püşkə əsasən, qarışıq komanda yarışlarında 19 ölkə mübarizə aparacaq. Azərbaycanın ilk rəqibi Avstriya yığması olacaq. Millimiz qalib gələcəyi təqdirdə növbəti raundda Yaponiya-Monqolustan cütünün üstün tərəfi ilə qarşılaşacaq.

© xezerxeber.az


307 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR