Norveçli xizəkçi mütləq rekord göstərib

23.02.2018 16:57

Norveçli xizəkçi Marit Börgen Pxençan Olimpiadasında sərbəst üsulla komanda sprint yarışlarında bürünc medal qazanıb. O, Oyunların 14-cü mükafatını almaqla, mütləq rekord göstərib.

Pxençan Olimpiadasında qadınlar arasında sərbəst üsulla komanda sprint yarışları amerikalı xizəkçilər Kikken Rendall və Cessika Digginsin qələbəsi ilə nəticələnib. Diggins finişdə daha əvvəl Cənubi Koreyada şəxsi sprintdə qalib olan isveçli Stinu Nilssonu 0,19 saniyə qabaqlayıb. Gümüş medala, Şarlotta Kalla – Pxençan-2018-in skiatlon üzrə Olimpiya çempionu da layiq görülüb.

Bürünc medalları isə norveçli Marit Börgen və Mayken Kaspersen Falla qazanıblar. Onlar amerikalılardan 2,97 saniyə geri qalıblar.

Olimpiadanın komanda sprintində qazandığı bürünc Börgenin 14-cü medalıdır. Oyunlarda mükafatların sayına görə o, 13 mükafatı olan norveçli biatlonçu Ole-Eynar Börndaleni geridə qoyaraq mütləq rekord göstərib.

Börgenin aktivində 7 qızıl, 4 gümüş və 3 bürünc medal var. Pxençanda bundan əvvəl o, estafetdə qalib, skiatlonda ikinci və 10 kilometr yarışlarda üçüncü olub. Börndalen isə karyerası ərzində 8 qızıl, 4 gümüş və 1 bürünc medal qazanıb.

Otuz yeddi yaşlı Börgen bir çox rekordlara sahibdir. O, dünya kuboku uğrunda xizək yarışlarında şəxsi qələbələrinin sayına görə liderdir (106). Norveçli, həmçinin dünya kuboku tarixində ən uğurlu (29 qələbə) sprinterdir. Börgenin 18 qat dünya çempionu olması da xizək yarışlarında rekord haldır. Vankuver Olimpiadasında xizəkçi 5 medal (3 qızıl, 1 gümüş, 1 bürünc) qazanaraq, 2010-cu il Oyunlarının ən uğurlu iştirakçısı olub. (AZƏRTAC)

© xezerxeber.az


544 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR