Azərbaycan Premyer Liqasının XII turunun növbəti görüşləri keçirilib

18.11.2017 17:26

Noyabrın 18-də futbol üzrə Azərbaycan Premyer Liqasının XII turunun ikinci gününün ilk qarşılaşmasında "Kəpəz” klubu doğma meydanda "Səbail”i qəbul edib.

Gəncə Şəhər Stadionunda keçirilən oyunda qonaqlar 2:0 hesabı ilə qalib gəliblər.

Matçın əvvəlində "Səbail” futbolçuları erkən qola seviniblər. Görüşün 5-ci dəqiqəsində Adiran Popoviç 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Bu qoldan bir dəqiqə sonra "Kəpəz”in futbolçusu Dedimar Fereyra qırmızı vərəqə ilə cəzalandırılıb. Qonaqlar 16-cı dəqiqədə Ayron Statinin vurduğu qolla hesab arasındakı fərqi iki topa çatdırıb. İlk hissənin 28-ci dəqiqəsində İlyas Səfərzadənin qolu ilə "Kəpəz” hesab arasındakı fərqi bir topa endirib – 1:2. Gəncəlilər azlıqda qalmalarına baxmayaraq, görüşün 35-ci dəqiqəsində Kərim Diniyevin 11 metrlik cərimə zərbəsindən vurduğu qolla hesabda tarazlığı bərpa ediblər - 2:2. İlk hissə bu hesabla başa çatıb.

Matçın 56-cı dəqiqəsində "Səbail” komandası yenidən hesabda irəli çıxıb. Vüqar Nadirov adını tabloya yazdırıb. Qalan dəqiqələrdə qapılara top vurulmayıb və "Səbail” komandası səfərdə "Kəpəz”i 3:2 hesabı ilə məğlub edib.

Günün digər görüşündə isə "Keşlə” və "Zirə” klubları üz-üzə gəliblər. Oyun "Zirə”nin minimal hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu 18-ci dəqiqədə Milan Duriç vurub.

Hazırda "Zirə” 27 xalla ikinci pillədədir. "Keşlə” isə səkkiz xalla yeddincidir. "Səbail” (12 xal) bu qələbədən sonra aktivinə üç xal əlavə edərək altıncı pillədəki mövqeyini möhkəmləndirib. "Kəpəz” klubu isə 7 xalla sonuncu pillədədir.

Tura noyabrın 19-da "Neftçi”-"Qəbələ” matçı ilə yekun vurulacaq.

© xezerxeber.az


107 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR