Dövriyyəyə yenilənmiş əsginaslar buraxılır

11.01.2021 12:37

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin müvafiq qərarına əsasən 2021-ci ilin əvvəlindən tədavülə dizaynı və mühafizə sistemləri mövcud konsepsiya çərçivəsində yenilənmiş 1, 5 və 50 manatlıqların buraxılması elan edilib.

AMB-dən xezerxeber.az-a verilən məlumata görə, bununla əlaqədar, ölkə ərazisində istismar olunan nağd pul sistemlərinin (nağd ödəniş terminalları, bankomatlar, cash-in/cash out aparatları, pul sayan və emal edən sistemlər, pul yoxlayan detektorlar və s.) yenilənmiş pul nişanlarına uyğunlaşdırılması (adoptasiyası) məqsədilə bütün kommersiya bankları və qeyri-bank ödəniş təşkilatları 20 oktyabr 2020-ci il tarixdə məlumatlandırılıb və müvafiq pul nişanları ilə təmin edilib.

Hazırda AMB tərəfindən yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarının tədavülə buraxılmasına başlanılır. Yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanları hazırda tədavüldə olan eyni nominallı köhnə pul nişanları ilə bərabər hissə-hissə tədavülə buraxılacaqdır.

Qeyd edək ki, hazırda tədavüldə olan köhnə nümunəli pul nişanları yenilənmiş pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi sonacan məhdudiyyətsiz istifadə ediləcəkdir.

© xezerxeber.az

FOTOQALERIYA






568 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR