Virusa yoluxanlarda ən çox bu əlamətlər olur

29.11.2020 09:21

Koronavirusun simptomlarında heç bir dəyişiklik yoxdur.

XəzərXəbər e-tibb.az-a istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin Baş infeksionisti Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, bu xəstəliyin tipik bir əlaməti yoxdur, amma üç-dörd simptoma daha çox rast gəlinir: "Ümumiyyətlə, bu xəstəliyin elə bir tipik simptomu yoxdur ki, buna əsasən yeni koronavirus infeksiyasını təsdiqləyək. Müəyyən simptomlar qrupu var ki, onlara da müxtəlif tezlikdə rast gəlinir. Xüsusən xəstəliyin başlanğıcında ən çox rast gəlinən qızdırma, ümumi zəiflik, quru öskürək və bir qədər az hallarda boğaz ağrısıdır. Amma digər əlamətlər də var, məsələn, kimlərdəsə kürək ağrılarının olması, iy və dadbilmənin itirilməsi, digərlərində isə ishal olması və başqa əlamətlər. Bu hallar olsa da, daha kiçik və fərqli tezlikdə baş verir. Yəni, üç-dörd simptoma daha çox rast gəlinir, digərləri isə bu və ya digər xəstələrdə olur. İnfeksiyanın gediş xüsusiyyətlərinin dəyişməsi üçün virus kifayət qədər dəyişməli, əsaslı mutasiyaya uğramalıdır. Belə qısa vaxtda bu, baş verə bilməz. Qrip virusu ilə müqayisədə koronavirus daha davamlı virusdur. Dəyişiklik üçün ən azı 1-3 il vaxt lazımdır. İnsanlar düşünürlər ki, virus dəyişəcək, digərləri kimi olacaq və artıq buna əhəmiyyət verilməyəcək. Ola bilər bu baş versin, çox güman ki, baş verəcək də. Amma indi yox, az vaxt keçib".

Baş infeksionist vurğulayıb ki, qripdən fərqli olaraq koronavirus ev şəraitində bir çox hallarda böyüklərdən uşaqlara keçir: "Qripdən fərqli olaraq uşaqlar koronavirusa yoluxanda ya simptomsuz, ya da yüngül keçirirlər. Azyaşlı uşaqlar COVID 19 infeksiyasının fəsadlaşmasının  risk qrupuna aid deyil. Risk qrupuna yaşlılar və yanaşı xroniki xəstəlikləri olanlar aiddir. Amma qripdə bunun əksinə olaraq 5 yaşadək, xüsusən 1 yaşadək uşaqlar  risk qrupuna aiddirlər, onlar qripi daha ağır keçirirlər. Təbii ki, uşaqlar koronavirusa yoluxur, müəyyən dövrdə virusu gəzdirirlər. Yoluxanların sayı çoxdursa, virusdaşıcılarının başqasına virus ötürmə ehtimalı az da olsa realizə olunur. Ancaq uşaqlar da koronavirusu ağır keçirə bilər, çünki onlar arasında immunodefisiti olan, yanaşı xroniki xəstəlikləri olanlar var. Belə hallar varsa, azyaşlılarda da böyüklər kimi ağır formalar inkişaf edə bilər və inkişaf edir də. Amma ümumilikdə belə halların sayı böyüklərlə müqayisədə çox azdır".

T. Eyvazov bildirib ki, hazırda koronavirusla bağlı stabil vəziyyət yoxdur. Ötən ayın ortalarından başlayaraq koronavirusla yoluxma halları artmaqda davam edir. Bu gün mənfi dinamikanın dayandığını demək mümkün deyil: "Yoluxma halları bizdən qabaq başlayan ölkələrdə də stabilləşmə müşahidə olunmur. Hesab edirəm ki, pik nöqtəyə gəlib çatırıq. Pik nöqtəyə çatanda yoluxma sayları yüksək rəqəmlərlə davam edəcək, xəstəlikdən sağalanların sayı da artacaq. Bir müddət bu stabilləşmə dövrü davam edəcək, ondan sonra karantin tədbirlərinin lazımı səviyyədə yerinə yetirildiyi təqdirdə azalmalar olacaq. Nə vaxt olacağını demək çətindir.Yəqin ki, noyabrın sonları və dekabr ayı bu suala müəyyən aydınlıq gətirər. Proqnoz vermək çətindir".

Onun sözlərinə görə, kütləvi peyvənd olunmayana, kollektiv immunitet formalaşmayana qədər tam effektiv olan heç nə yoxdur: Hələ ki, effektiv olan maska taxmaq, məsafə saxlamaq, əl gigiyenasına riayət etmək, asqırıb, öskürəndə ağızın bağlanması və təmasların minimuma endirilməsidir: "Əhali yeni koronavirusa qarşı kütləvi peyvənd olunduqda kollektiv immunitet yaranacaq, onda xəstəliyə yoluxma sayı idarə olunacaq, yoluxmalar kifayət qədər aşağı olacaq. Amma bu, indi deyil, yəqin ki, yaydan sonra olacaq. Peyvəndlərin də kliniki sınaqları gedir. Rusiya, ABŞ və digər ölkələr bu sınaqları aparır. Amma müəyyən vaxt lazımdır ki, bu sınaqlar çox sayda insanları əhatə etsin və onun nəticələri öyrənilsin ki, peyvəndlərin nə qədər təsirli və təhlükəsiz olması müəyyən edilsin. Bundan sonra bizim ölkə də hansısa beynəlxalq tövsiyə olunmuş  peyvəndi əldə edəcək. Gələn il bu vaxt çox güman ki, artıq müəyyən məsələlər həll olunacaq. Ən yaxın müsbət proqnoz bundan ibarətdir".

© xezerxeber.az


17758 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR