Koronavirus təhlükəsi : Avtobuslarda sıxlığı necə aradan qaldıraq?

27.11.2020 15:48

Ölkəmizdə koronavirusa yoluxanların sayı getdikcə artır. Artıq COVID- 19-a yoluxanların sayı 3700-i keçib. Mövcud vəziyyət sərnişin daşınmasında sıxlıq məsələsini gündəmə gətirir. Müşahidələrimiz göstərir ki, avtobuslarda normadan artıq sərnişin daşınır. Bu da sərnişinlərin ciddi narazılığına səbəb olur. Problemi aradan qaldırmaq üçün Bakı Nəqliyyat Agentliyi xətdə əlavə reyslər buraxsa da, pik saatlarda vəziyyət ürəkaçan deyil.

Xezerxeber.az məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev və nəqliyyat üzrə ekspert Elməddin Muradlının mövqeyini öyrənib.

Mais Ağayev metroda sərnişindaşımanın dayandırılması ilə bağlı bütün gücün avtobusların üzərinə düşdüyünü bildirib: "Hazırda şəhərimizdə gündəlik qeydə alınan sərnişin sayı 2 milyondan çoxdur. Həmin sərnişinlərin əksəriyyəti avtobuslardan istifadə edir. Hazırda bütün qarajlarda saz vəziyyətdə olan avtobuslar daşınmalara cəlb olunur. Amma avtobus sayının artımı sıxlığın azaldılması üçün yetərli deyil. Əgər belə olsaydı biz bu gün xəttə çıxarılan 20 %-dən çox əlavə avtobusla buna nail olardıq. Bu gün yaşanan sıxlığın başlıca səbəbi avtobuslar üçün ayrıca zolaqların olmaması, yolllarda olan nəqliyyat şəraitidir. Gün ərzində yollarda irili-xırdalı xeyli yol nəqliyyat hadisəsi baş verir. Hər bir qəza halı yollarda sıxlığa, bəzən isə tıxaca səbəb olur. Nəticə etibarı ilə avtobuslar da digər avtomobillər kimi tıxacda qalır və gecikmə ilə hərəkət edir. 

Əgər avtobuslar üçün ayrıca zolaq olarsa, o zaman bu halların heç biri avtobusların hərəkətinə təsir etməyəcək. Buna görə də Agentlik tərəfindən məsələ qaldırılıb və artıq Nazirlər Kabineti yanında Yol Hərəkəti Təhlükəsizliyi komissiyası da 10 küçə və prospektdə zolaqların təşkilinə razılıq verib. İndiki halda Agentlik öz səlahiyyətləri çərçivəsində avtobusların mümkün qədər maneəsiz hərəkəti üçün zəruri addımlar atır. Dayanacaq məntəqəsi və avtobusların hərəkət traektoriyasında parklanmaya qarşı mübarizə aparılır”.


Nəqliyyat üzrə ekspert Elməddin Muradlı qeyd edib ki, problemin həll olunması üçün komendant saatının uzadılması məqsədəuyğundur:

"Hələ metro işlədiyi zaman aparılan təhlillər nəticəsində Bakı şəhərinə 2500 civarında avtobusa ehtiyacın olması müəyyənləşib. Bu gün isə həmin avtobusların 400-ü çatışmır. Qeyd edim ki, bu adi günlər üçün nəzərdə tutulan hesablamadır. İndiki halda isə bu problemin həll olunması üçün 3000-ə yaxın avtobus lazımdır. Tez bir zamanda ehtiyac olan avtobusların gətirilməsi mümkün deyil. Marta kimi bu problem belə davam edəcək. Amma bu gün üçün komendant saatı müddətinin ən azı saat on birə kimi artırılmasını təklif edirəm. Çünki saat altı olan kimi hamı eyni vaxtda avtobuslara doluşur. Bu da problemlərin yaranmasına səbəb olur. Amma komendant saatı on birə kimi uzadılsa, bu hal yaşanmaz. Çünki o vaxta kimi avtobuslar rahat işləyər. Gecikən sərnişinlər də qorxuya düşüb tələsməz”.

Elməddin Muradlı əlavə edib ki, yaranan problemin aradan qaldırılması üçün metronun müəyyən şərtlər daxilində fəaliyyətinə icazə verilə bilər: "Metronun giriş və çıxış yerlərində, həmçinin platformada polis əməkdaşları bir-birləri ilə rabitəli şəkildə əlaqə saxlaya bilərlər. Məsələn, qatarlar dolu olduğu zaman içəri əlavə sərnişin buraxılmaya bilər. Metroda yan-yana normal məsafədə gedilməsi heç bir problem yaratmır. Bir avtobus normal 50 nəfər daşınmalı olduğu halda bu rəqəm 80-a çatır. Ancaq bir qatar eyni vaxtda 700-800 nəfəri daşıyır. Həmçinin qatar daha sürətli daşıma həyata keçirir. Məsələn, Moskvada da koronavirusa yoluxanların sayı pik həddə çatıb. Ancaq metro bağlanmayıb. Bu səbəbdən bir çox ölkələrin təcrübəsinə nəzər salmaq lazımdır”.

Sevinc Yasinqızı

© xezerxeber.az


310 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR