Əgər yoluxma artarsa, virusa nəzarət olunmaya bilər - XƏBƏRDARLIQ

25.10.2020 12:21

Son günlər koronavirusa yoluxma halları ilə bağlı kəskin artım müşahidə olunmaqdadır. Artıq gündəlik yoluxma sayı 600, 700 və hətta 800-ü də keçir. Təbii ki, yumşalmalardan sonra insanların qaydalara riayət etməməsi səbəbindən virusa yoluxmaların yenidən artacağı gözlənilən idi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib.

Tibb elmləri doktorunun sözlərinə görə, dünyanın bir çox ölkələrində yumşalmalara gedilən zaman xəstələrin mövcudluğu virusa yoluxmaların yenidən artmasına səbəb olub: "Yəni, xəstəxanalarda və ev şəraitində müalicə olunan koronavirus xəstələrindən əlavə, virusa yoluxmuş və onu gizli daşıyan şəxslərin olması müəyyən edilə bilmir. Bu cür şəxslər COVID-19-a yoluxsalar da, virusun əlamətləri açıq-aşkar müşahidə olunmur deyə onlar təmasda olduğu insanları yoluxdururlar. Beləliklə, virus yayılmaqda davam edir və məhz bu hallara görə Avropada və eləcə də Azərbaycanda virusun yeni dalğasının yaranması baş verir. Eyni zamanda, tətbiq edilən qaydalara riayət olunmaması virusun daha sürətlə yayılmasına gətirib çıxarır. Təəssüf ki, hələ də bəzi insanlar virusa etinasız münasibət sərgiləməkdə davam edirlər. Ona görə də əgər cəmiyyətdə qaydalara əməl olunmaması davam edərsə, virus da artmaqda davam edəcək”.

Azərbaycanlı alim söyləyib ki, bəzi hallarda insanların məsafə saxladığına görə tibbi maska taxmaması, eləcə də maska taxdığına görə məsafə saxlamaması düzgün yanaşma deyil: "Hər kəs bilməlidir ki, tətbiq olunan qaydaların hamısına tam əməl edilməlidir. Tibbi maskadan istifadə, məsafə saxlanılması, gündəlik canlı təmasların mümkün qədər minimuma endirilməsi, qapalı otaq şəraitində iştiraklardan maksimum imtina edilməsi mütləq riayət olunmalı qaydalardır. Hətta açıq havada da olsa belə bir yerə toplaşmaq, cəmləşmək yoluxmalara səbəb olur. Xüsusən, valideynlər özləri ilə yanaşı, uşaqlarını da virusdan qorumalıdırlar. Çünki virusun yayılmasında böyüklərlə yanaşı, uşaqlar da ciddi rol oynayırlar. Bununla yanaşı, yaşından asılı olmayaraq, hər bir şəxsin əllərini təmiz saxlaması da önəmlidir. Çünki virus 15 faizə qədər səthi təmaslardan yayıla bilir”.

N.Abdullayev qeyd edib ki, əgər yoluxma artarsa, virusa nəzarət olunmaya bilər: "Məhz dünyada tətbiq edilən karantin rejimlərinin əsas məqsədi odur ki, virusa eyni zaman çərçivəsində kütləvi yoluxma olmasın. Yəni, səhiyyə sistemlərinin xidmət göstərə biləcəyi saydan çox insan virusa eyni zamanda yoluxarsa, buna heç bir dünya ölkəsinin səhiyyəsi tab gətirə bilməz və nəticədə də səhiyyə sistemi viruslu xəstələr üzərində nəzarəti itirər. Ona görə də virusla mübarizədə hər kəs məsuliyyətli olmalıdır. İnsanlar artıq virusa yoluxub problemsiz sağalacaqlarını deyil, ümumiyyətlə virusa yoluxmamağı düşünməlidirlər”.

© xezerxeber.az


392 dəfə oxunub

XƏBƏRLƏR

24.11.2020 09:19

Neft bahalaşır

ÇOX OXUNANLAR