Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yeni məlumat yaydı

27.09.2020 16:26

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bəzi xarici saytların, informasiya agentliklərinin və sosial şəbəkə istifadəçilərinin təxribat xarakterli dezinformasiyaları ilə bağlı məlumat yayıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən xezerxeber.az-a daxil olan məlumatda bildirilib: "Bu gün səhər saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək Azərbaycan Ordusunun cəbhəboyu zonada yerləşən mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Hazırda Azərbaycan Silahlı Qüvvələri qanunvericiliyin tələblərinə uyğun olaraq komplektləşdirilib və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi Azərbaycan Ordusu tərəfindən təmin edilir.

Tolerant və multikultural dəyərlərə malik Azərbaycan Respublikasında bütün millətlərin nümayəndələri mehriban, dostluq və əmin-amanlıq şəraitində yaşayır. Bəzi xarici saytlar, informasiya agentlikləri və sosial şəbəkə istifadəçiləri təxribat xarakterli məlumatlar yayaraq Azərbaycan Silahlı Qüvvələrinin uğurlu döyüş əməliyyatlarına kölgə salmağa çalışırlar. Ölkədə yaşayan azsaylı xalqların nümayəndələrinin məcburi qaydada cəbhə bölgəsinə göndərilməsi kimi həqiqətə uyğun olmayan absurd və böhtan xarakterli məlumatların heç bir əsası yoxdur və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu cür dezinformasiyaları qətiyyətlə təkzib edir.

Bildiririk ki, zərurət yarandığı halda etnik mənşəyindən asılı olmayaraq ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb olunacaq”.

© xezerxeber.az


1007 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR