Cüdoçularımıza bəd xəbər: Tokioya gedə bilməyəcəklər

23.09.2020 12:08

Dekabrda Yaponiyanın paytaxtı Tokioda keçirilməsi nəzərdə tutulmuş cüdo üzrə Böyük Dəbilqə turniri ləğv edilib.

Beynəlxalq Cüdo Federasiyasının saytı xəbər verir ki, buna səbəb gələn il Tokioda Olimpiya Oyunlarının keçirilməsidir.

Olimpiadaya qədər Yaponiyada tədbirlərin sayının azaldılması koronavirus təhlükəsinin mümkün qədər aradan qalxmasına hesablanıb.

Həmçinin 2021-ci ilin əvvəllərindən milli çempionatların olacağı nəzərə alınaraq, bu yarış ləğv olunub. Ancaq dekabrda həmin tarixə Xorvatiyanın paytaxtı Zaqrebdə Qran Prinin salınması planlaşdırılır. Bu yarış əvvəl 30 oktyabr – 1 noyabr tarixlərinə salınmışdı.

Həmçinin 23-25 oktyabrda Macarıstanın paytaxtı Budapeştdə keçirilməsi planlaşdırılan Böyük Dəbilqə turniri və digərləri (Daşkənd Qran Prisi, Braziliya və Əbu Dabi Böyük Dəbilqə turnirləri – S.M.) ləğv edilməyib. Bununla belə, həmin yarış barədə yekun qərar oktyabrın əvvəllərində Macarıstan hökumətinin qərarı əsasında veriləcək.

11-13 yanvar tarixlərində isə Qətərin paytaxtı Dohada Dünya Cüdo Masters turnirin keçirilməsi isə təsdiqlənib.

Qeyd edək ki, Tokiodakı Böyük Dəbilqə turniri 11-13 dekabrda keçirilməli idi. Həmin yarış Tokio Olimpiadasına reytinq xalları qazandıracaqdı./oxu.az

© xezerxeber.az


452 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR