Avqustdan toy və yaslara icazə veriləcək?

23.06.2020 14:21

Xəbər verdiyimiz kimi iyunun 22-də 478 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb. Qeyd edək ki, yoluxmanın sürətlə artmaması üçün şənbə-bazar və bayram günləri insanların çölə çıxmasına məhdudiyyətlər qoylub. Lakin buna baxmayaraq gündəlik yoluxma 400 nəfəri keçdi. Koronavirusa yoluxanların və ölənlərin sayı artdığı üçün 5 iyula qədər 2 həftəlik sərt karantin rejim elan olundu. Əgər yoluxma dinamikası azalmağa doğru gedərsə avqustun 1-dən toy və yas mərasimlərinin keçirilməsinə icazə veriləcəkmi?

Bununla bağlı danışan deputat Ceyhun Məmmədov bildirib ki, Azərbaycan ilk gündən pandemiya ilə mübarizə istiqamətində operativ və adekvat qərarlar qəbul etdi:

"Prezident İlham Əliyev bir sıra mühüm sərəncamlar imzaladı. Prezident İlham Əliyev və Birinic vitse-prezident Mehriban xanım Əliyeva xalqa bir neçə dəfə müraciəti etdi. Qeyd etmək lazımdır ki, ilk günlər ölkəmizin nəticələri yüksək idi, virusa yoluxanların sayı az idi. Hətta Azərbaycan təcrübəsi digər ölkələrə nümunəvi model kimi göstərilirdi. Hamı tezliklə virusun yox olacağını düşünürdü. Ancaq təəssüf, belə olmadı. Prosesin nə vaxt başa çatacağı isə məlum deyil. Təəssüf ki, sonrakı dövrdə bəzi vətəndaşlarımızın virusa məsuliyyətsiz yanaşması nəticəsində virusa yoluxanların sayı sürətlə artdı. Hər gün 450-500 arası vətəndaşımız bu amansız xəstəliyin qurbanı olur. Burada ilk günlər xəstəliyin olmaması barədə dövriyyəyə buraxılan yanlış məlumatlar da ciddi rol oynadı. Dəfələrlə deyilməsinə baxmayaraq, bəzi insanlarımız özlərini qorumadılar. Yenidən sərt karantin rejiminin tətbiqində əsas məqsəd insanların ünsiyyətini məhdudlaşdırmaq, xəstəliyin sürətlə yayılmasının qarşısını almaqdır. Əgər insanlar bu qaydalara əməl etsələr, karantin rejimi daha tez başa çata bilər. Hamı bilməlidir ki, qaydalara əməl etməsək, vəziyyət daha da ağır olacaq. Real vəziyyətin təhlili yenidən sərt karantin rejiminin tətbiqini zəruri edir. Əgər bu qaydalara əməl etməsək dünyasını dəyişən insanların sayı sürətlə artacaq. Hər birimizin ətrafında bu virusdan dünyasını dəyişən insanlar olacaq. Məlum olduğu kimi, hər bir ölkənin konkret sayda xəstə qəbul etmək imkanı var. Elə ola bilər ki, artıq xəstəxanalarda yer olmasın. Buna qəti imkan verməməliyik. Bu, hər birimizdən asılıdır. Tez-tez sual verirlər ki, virusun qarşısı nə zaman alınacaq. Cavab belədir: İnsanlarımız qaydalara nə qədər əməl etsələr, bir o qədər tez bu bəla bizim üstümüzdən gedəcək. Yas və toy mərasimlərinin keçirilməsinə icazə verilməsini söyləmək hələlik tezdir. Əgər vəziyyət stabilləşsə, bu məsələyə baxıla bilər. Hələki dünyada növbəti dalğaların baş verməsindən söhbət gedir. Bu daha çox insanların məsələyə nə qədər məsuliyyətli yanaşmasından asılı olacaq. Təəssüf ki, ölkəmizdə virusa yoluxanların sayı sürətlə artır. Bütün vətəndaşlarımız qaydalara tam əməl etmirlər. İnsanlarımızın narahatlığını anlayırıq. Ancaq hər birimiz səbrli və təmkinli olmalıyıq. Tezliklə proses bitəcək və insanlar normal həyat tərzinə qayıdacaq. Hər bir vətəndaş diqqətli olmalı, özünü və yaxınlarını qorumalı, birlik və bərabərlik nümayiş etdirməlidir. Bu həm də vətəndaş borcudur. Hamı bilməlidir ki, müvəqqəti çətinlikdir və müəyyən zamandan sonra həyat öz axarına qayıdacaq"./Sonxəbər

© xezerxeber.az


6134 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR